Ötən gün İrandan növbəti dəfə 33 kiloqram narkotik vasitənin dron vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu gün isə Təbrizdən gətirilən tərkibində psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsi müsadirə edilib.
Son aylarda bu kimi halların intensivləşməsi regionda narahatlıq yaradıb.
Mövzu ilə bağlı NOCOMMENT.az-a sabiq deputat, siyasi təhlilçi Elşad Mirbəşiroğlu açıqlama verib.
O, bildirib ki, Yaxın Şərqdə çox böyük narkoşəbəkə və narkotrafik mövcuddur:
“BMT-nin müvafiq qurumunun məlumatına görə, İrana gündə 10 tona qədər narkotik daxil olur. Bunun 30–40 faizi İranda qalır, 60–70 faizi isə müxtəlif istiqamətlərə ötürülür.Bunun 30–40 faizi İranda qalır, 60–70 faizi isə müxtəlif istiqamətlərə ötürülür”.
Dronların əldə olunması məsələsinə toxunan politoloq bildirib ki, narkokuryerlərin bu texnikadan istifadə imkanları genişdir:
“İranda narkoşəbəkə kifayət qədər təşkilatlanmış formada fəaliyyət göstərir. Dronların ya ev şəraitində kustar üsulla hazırlanması, ya da ölkə daxilində müxtəlif yollarla əldə olunması mümkündür. Bu imkanlar olmasa, narkotikləri dronla daşımaları da mümkün olmazdı.”
Ekspert hesab edir ki, narkotik daşımalarının qarşısını almaq üçün regional əməkdaşlıq əsas şərtdir:
“Sərhədyanı ölkələrin strukturları arasında çox ciddi əməkdaşlıq olmalıdır. Azərbaycan bu iradəni və peşəkarlığı artıq ortaya qoyub, lakin İran tərəfi də bu sahəyə daha ciddi nəzarət etməlidir.”
Sabiq deputat əlavə edib ki, İran tranzit ölkələrdən biri olaraq prosesə daha məsuliyyətli yanaşmalı və narkoşəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq üçün qəti addımlar atmalıdır.
Aynurə İsmayıl













