Sertifikatsız və vaxtı keçmiş məhsullar: Sahibkarları hansı cərimələr gözləyir?backend

Sertifikatsız və vaxtı keçmiş məhsullar: Sahibkarları hansı cərimələr gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər qida təhlükəsizliyi sahəsində baş verən pozuntular, xüsusilə də saxlama müddəti ötmüş məhsulların satışa çıxarılması, sertifikatsız və mənşəyi şübhəli qida məhsullarının dövriyyədə olması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyində konkret inzibati məsuliyyət tədbirləri nəzərdə tutulub. Qida təhlükəsizliyinə nəzarət mexanizmləri həm istehlakçıların sağlamlığının qorunmasına, həm də bazarda ədalətli rəqabət mühitinin təmin olunmasına xidmət edir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cəza mexanizmləri ətraflı şəkildə öz əksini tapıb. Sözügedən maddə ilə idxal olunan məhsulların qanunvericiliyin tələblərinə uyğun dövriyyəyə buraxılmaması, lazımi sənədlər olmadan satışa çıxarılması və digər oxşar pozuntular inzibati xəta kimi qiymətləndirilir. Bu isə fiziki şəxslərdən tutmuş iri hüquqi şəxslərədək bütün subyektlər üçün məsuliyyət yaradır.

Bununla yanaşı, istehlakçı hüquqlarının pozulması, sanitariya-gigiyena qaydalarına əməl edilməməsi və insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək məhsulların istehsalı və satışı da qanunvericilikdə ciddi sanksiyalarla tənzimlənir. Qanunvericiliyin bu tələbləri yalnız cərimə mexanizmi kimi deyil, eyni zamanda profilaktik xarakter daşıyaraq sahibkarları daha məsuliyyətli fəaliyyət göstərməyə təşviq edir.

Bəs mövcud qanunvericiliyə əsasən, qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə fiziki, vəzifəli və hüquqi şəxsləri hansı konkret cəzalar gözləyir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan vəkil Turan Abdullazadə deyib ki, həmin maddəyə əsasən, idxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir:

“Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, İstehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına, saxlama müddəti ötmüş məhsulların satılmasına, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə, standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.

Vəkil əlavə edib ki, inzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, sanitariya-gigiyena rejiminin pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir: “Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir”.

“Bu inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi baxır”, – vəkil vurğulayıb.