Sığorta ilə bağlı YENİ XƏBƏR – Qiymətlər artırılır?backend

Sığorta ilə bağlı YENİ XƏBƏR – Qiymətlər artırılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşınmaz əmlakın icbari sığortası sahəsində gözlənilən yeniliklər və sığorta məbləğlərinin yenidən hesablanması mexanizmi həm mülkiyyətçilər, həm də sığorta bazarı iştirakçıları tərəfindən diqqətlə izlənilir.

Hazırkı qanunvericiliyə əsasən, sığorta ödənişlərinin yuxarı həddi Bakı şəhəri üzrə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, digər bölgələrdə isə 15 min manat olaraq tətbiq edilir. Lakin bu rəqəmlərin müasir bazar reallıqlarını, xüsusilə də paytaxtdakı mənzil qiymətlərini tam əks etdirməməsi sistemin təkmilləşdirilməsi zərurətini yaradıb.

Yeni mexanizmin əsas mahiyyəti ondan ibarətdir ki, gələcəkdə baş verə biləcək bədbəxt hadisələr zamanı ödənişlər təyin edilərkən əmlakın yerləşdiyi zona, kvadratmetri və real bazar dəyəri əsas götürüləcək.

Ən maraqlı məqam isə ondan ibarətdir ki, ödəniş limitlərinin artırılması proqnozlaşdırılsa da, vətəndaşların ödədiyi illik sığorta haqlarının (müvafiq olaraq 50, 40 və 30 manat) dəyişməz qalacağı gözlənilir. Bu, sosialyönümlü bir addım kimi qiymətləndirilsə də, prosesin hüquqi və iqtisadi tərəfləri ilə bağlı fərqli yanaşmalar mövcuddur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, mövcud sistemdəki vahid yanaşma ədalətlilik prinsipini müəyyən qədər pozurdu və islahatlar qaçılmazdır: “İndiyədək tətbiq olunan standart məbləğlər əmlakın dəyərini tam sığortalamırdı. Məsələn, Bakının mərkəzindəki bahalı mənzillə kənar qəsəbədəki eyni kvadratlı mənzil üçün eyni ödəniş limitinin olması bazar məntiqinə uyğun deyildi”. Onun sözlərinə görə, sığorta haqlarının artırılmadan ödəniş məbləğlərinin yüksəldilməsi sığorta şirkətləri üçün müəyyən risklər yaratsa da, bu, kütləviliyin təmin olunmasına xidmət edəcək: “Əsas hədəf sığortaya inamı artırmaqdır. Əgər vətəndaş bilsə ki, ödədiyi 50 manat müqabilində onun əmlakına dəyən zərər real bazar qiymətləri ilə daha dolğun kompensasiya olunacaq, o zaman icbari sığortadan yayınma halları da minimuma enəcək. Yeni mexanizmin tətbiqi həm də qiymətləndirmə prosesində şəffaflığı tələb edir ki, bu da rəqəmsal reyestr bazasının gücləndirilməsi ilə mümkün olacaq”.

Tunar,
NOCOMMENT.az