ABŞ və İran arasında saziş nə vaxt imzalanacaq? - Yeni detallar

ABŞ və İran arasında saziş nə vaxt imzalanacaq? - Yeni detallar

ABŞ və İran arasında son günlər Yaxın Şərqdə baş verən birbaşa hərbi toqquşmalar və qarşılıqlı strateji zərbələr regional gərginliyi idarəolunmaz həddə çatdırmaqla yanaşı, diplomatik müstəvidə Tehranın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.

Ötən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Küveyt, İraq və BƏƏ-də yerləşən, ABŞ və müttəfiqlərinə məxsus ən strateji hərbi-mülki obyektlərə, hava limanlarına eyni vaxtda raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi bölgədəki güc balansını alt-üst edib. İran rəsmi Vaşinqtonun kəskin tələblərinə hərbi sahədə cavab verməklə "müharibəni bəri başdan daha dağıdıcı coğrafiyaya genişləndirə bilərəm" mesajını nümayişkaranə şəkildə Ağ Evə ötürüb. Bu hərbi eskalasiya iki supergüc arasında aylardır müzakirə olunan nüvə və təhlükəsizlik sazişinin gələcəyini ciddi şəkildə sual altına qoyur.

Məsələ barədə NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, danışıqların intensiv şəkildə davam etdiyi bir vaxtda ABŞ hərbi dəniz qüvvələrinin Hörmüz boğazında İran neft tankerinə hücum təşkil etməsi əslində Vaşinqtonun Tehrana qarşı masada tətbiq etmək istədiyi qabaqlayıcı bir təzyiq rıçaqı idi: "Bu kəskin hərbi təzyiqlərlə Vaşinqton hesab edirdi ki, İranı çıxılmaz vəziyyətə salacaq və Tehran danışıqlar masasında ABŞ-ın diktə etdiyi şərtlərə güzəştə gedəcək. Lakin hadisələrin gedişatı tamamilə əks effekt verdi. Hazırkı reallıqları nəzərə alsaq, İran və ABŞ arasında bu ayın axırına kimi hər hansı bir çərçivə sazişinin imzalanması qətiyyən gözlənilmir. ABŞ artıq İrana qarşı ilkin mərhələdə irəli sürdüyü kəskin kapitulasiya təkliflərindən rəsmən geri çəkilmək məcburiyyətində qalıb. Buna baxmayaraq, Vaşinqtonun hazırda irəli sürdüyü yeni şərtlər və yazılı təminat tələbləri SEPAH rəhbərliyini və Tehran elitasını qane etmir. İran hazırkı hərbi müstəvidə özünü üstün tərəf kimi hiss etdiyindən, ABŞ-ın şərtlərini tam şəkildə qəbul etmək niyyətində deyil".

Politoloqun sözlərinə görə, hərbi sahədəki bu iddialı mövqeyinə rəğmən, İran daxilində yığılıb qalan fundamental problemlər Tehranı diplomatik xətti tamamilə qırmağa qoymur: "Daxildə illərdir toplanan kəskin sosial problemlər, milli valyutanın dəyərdən düşməsi və idarəolunmaz iqtisadi inflyasiya İranın daxili hakimiyyət sistemində çox dərin fikir ayrılıqları, ziddiyyətlər və daxili narazılıqlar yaradıb. Bu mənzərə onu sübut edir ki, ABŞ birbaşa hərbi əməliyyatlarla və zərbələrlə İranı heç vaxt danışıqlar masasına gətirə bilmədi, bunu yalnız tətbiq etdiyi uzunmüddətli iqtisadi sanksiyalarla bacarır. Məhz Tehranın hərbi ritorikaya baxmayaraq hələ də danışıqlar masasında qalması, ABŞ-ın hərbi təzyiqlərindən deyil, ölkəni təhdid edən daxili iqtisadi kollaps qorxusundan irəli gəlir".

Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu qarşıdurmanın nəticələrindən asılı olaraq Yaxın Şərqin bütöv siyasi nizamı tamamilə yenidən qurulacaq: "Hazırkı gərgin, parçalanmış və faktiki olaraq fiaskoya uğrayan regional təhlükəsizlik nizamının yenidən formalaşdırılması üçün beynəlxalq güclərə ən azı bir neçə il vaxt lazım gələcək. Digər tərəfdən, bu böhran ABŞ-ın daxili siyasətinə də birbaşa təsir göstərir. İrana qarşı elan etdiyi bu müharibədə Donald Tramp administrasiyası Tehranın nüvəni zənginləşdirməsini birdəfəlik dayandıracaq və Amerikanın maraqlarını qoruyacaq hüquqi bir müqavilə əldə edə bilməsə, bu uğursuzluq payızda keçiriləcək kritik Konqres seçkilərində onun partiyasının demokratlara uduzması ilə nəticələnə bilər. Məhz bu səbəbdən Tramp masanı tam aşa bilmir və hərbi gərginliklə paralel olaraq İrana qəfil rəsmi görüş təklifləri irəli sürür", - deyə politoloq yekunlaşdırıb.