Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal

Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal

Xəbər verildiyi kimi, Aleksandr Alden ABŞ-nin Azərbaycandakı yeni səfiri ola bilər. O, Donald Tramp administrasiyasının müdafiə və immiqrasiya müqavilələri ilə əlaqəli böyük bir şirkət olan “Palantir”də işləyir və 25 milyon dollarlıq səhmə malikdir. Bu barədə NOTUS federal açıqlama sənədlərinə istinadla xəbər verib.

Trampın Azərbaycana səfir seçdiyi Aleksandr Alden kimdir? | Modern.az

Bu ayın əvvəlində Tramp tərəfindən səfir vəzifəsinə namizəd göstərilən Alden 2021-ci ildən “Palantir”in baş məsləhətçisi vəzifəsində çalışıb. Əgər Azərbaycanda səfir kimi təsdiqlənərsə, Alden 90 gün ərzində “Palantir”dəki səhmlərini satmaq, şirkətdən istefa vermək və ödənilməmiş səhmlərindən imtina etmək öhdəliyini götürüb.

Alden “Palantir”də işləyərkən həm də dövlət katibi Marko Rubioya xüsusi dövlət işçisi kimi məsləhət verib. Dövlət Departamenti NOTUS-a bildirib ki, təsdiqlənərsə, Alden "etik müqaviləsinin bütün şərtlərinə tam əməl edəcək”.

Son maliyyə ilində “Palantir”, ICE ilə böyük texnologiya müqavilələri də daxil olmaqla, təxminən 1 milyard dollarlıq dövlət müqavilələri alıb. Şirkət, həmçinin, ABŞ-də qanunsuz olmaqda şübhəli bilinən miqrantları axtarmaq üçün proqram təminatı hazırlayıb. Bundan əlavə, “Palantir” ABŞ ordusunun İrana qarşı müharibənin ilk günlərində hədəfləri seçmək üçün istifadə etdiyi hərbi süni intellekt platforması Maven Smart Systems-i yaradıb. Bu ilin əvvəlində Tramp həmçinin şəxsən “Palantir” səhmləri ilə milyonlarla dollarlıq ticarət aparıb.

Bəs Konqresin ermənipərəst üzvləri bu məqamı (namizədin müdafiə nəhəngi “Palantir”lə əlaqəsi) əsas götürüb onun səfir təyinatına əngəl yarada bilərlərmi?

Elşad Musayev vətəndaşları qəbul edib


Deputat Elşad Musayev namizədin təsdiq olunacağını gözləyir. Onun fikrincə, Tramp dönəmində ermənilər Konqresə təsir edə bilməyib: "Hətta Bayden dövründə də onların fəallığı ciddi nəticə vermirdi. İndi isə ABŞ-dakı erməni lobbisinin təşəbbüsləri suya düşür. O baxımdan, səfir postuna namizədin bundan əvvəl hansı vəzifədə işləməsindən asılı olmayaraq, Senatda respublikaçıların üstünlüyü ilə təsdiqlənəcəyinə ümid edirəm".

E.Musayev hesab edir ki, səfirin fəaliyyəti önəmlidir, lakin onsuz da Azərbaycan-ABŞ münasibətləri inkişafdadır: "Hazırda Cənubi Qafqazın heç bir ölkəsində amerikalı səfir yoxdur. Amma ABŞ-nin ən geniştərkibli diplomatik heyəti İraqdan sonra Ermənistandadır. Yəni səfirsiz belə ABŞ bu ölkədə təsir gücünü artırır və Rusiyanı sıxışdırır. Eləcə də Azərbaycanda Mark Libbinin gedişindən sonra səfir vəzifəsi boşdur, amma əlaqələrimiz yüksəlişdədir. Bu baxımdan, düşünürəm ki, yeni səfirin təyinatında ciddi problem olmamalıdır. Çünki əvvəllər erməni lobbisi keçmiş Qarabağ məsələsi üzərindən qərəzli şəkildə təyinata əngəl olmağa çalışırdı. Hazırda Azərbaycan və Ermənistan sülh dövrünə qədəm qoyub və səfirin kimliyi ciddi təftiş mövzusu olmamalıdır"./musavat/