CHP-də kütləvi istefalar - Türkiyə gündəmi silkələnir

CHP-də kütləvi istefalar - Türkiyə gündəmi silkələnir

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) məhkəmənin qurultay nəticələrini ləğv etməsindən sonra yaranan daxili böhran pik həddə çatıb. Partiya rəhbərliyini yenidən ələ almaq uğrunda mübarizə aparan qruplar arasında qarşıdurma kütləvi istefalarla nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, CHP-nin bu gün keçirilməsi planlaşdırılan mühüm Partiya Məclisinin (PM) iclasından əvvəl Özgür Özelin komandası gözlənilməz sarsıdıcı gediş edib. BBC-nin yaydığı məlumata görə, kritik toplantıya cəmi iki saat qalmış Özgür Özeli dəstəkləyən 28 PM üzvü kütləvi şəkildə vəzifələrindən istefa verdiklərini bəyan ediblər.

Bu kütləvi istefa dalğasının pərdəarxası məqsədi də bəlli olub. Özelin komandası bu addımı partiyanı qısa müddətdə növbədənkənar qurultaya aparmağa məcbur etmək üçün atıb. Belə ki, ümumilikdə 57 nəfərdən ibarət olan Partiya Məclisində istefalardan sonra üzv sayı rəsmən 29-a enib. Qanunvericiliyə və partiya nizamnaməsinə əsasən, PM üzvlərinin sayı 40-ın altına düşdüyü üçün CHP-nin 45 gün ərzində rəsmən növbədənkənar qurultay keçirməsi artıq hüquqi bir məcburiyyətə çevrilib.

Xatırladaq ki, bu böhranın təməli Ankara Bölge Adliye Mahkemesinin (BAM) CHP-nin 4-5 noyabr 2023-cü ildə keçirilmiş 38-ci Olağan Kurultayının nəticələrini "mütləq butlan" (tamamilə etibarsız) elan edərək ləğv etməsindən sonra qoyulub. Məhkəmə qərarı ilə Özgür Özel və onun rəhbərliyi müvəqqəti olaraq idarəçilikdən uzaqlaşdırılmış, partiyanın sabiq lideri Kamal Kılıçdaroğlu və komandasının səlahiyyətləri isə bərpa edilmişdi. Bu qərardan sonra partiya daxilində Kılıçdaroğlu və Özel tərəfdarları arasında başlayan rəsmi hakimiyyət davası, bu gün atılan radikal addımlarla növbədənkənar seçki mərhələsinə qədəm qoyub.

Sara,
NOCOMMENT.az