AXCP sədri Əli Kərimlinin saxlanılması və ona qarşı irəli sürülən ittiham ölkənin siyasi gündəminin əsas mövzusuna çevrilib.
NOCOMMENT.az xəbər verir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – “hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər” maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Bu maddə Azərbaycanın cinayət hüququ sistemində ən ağır dövlət əleyhinə cinayətlərdən biri hesab olunur.
Bəs, ittiham sübuta yetiriləcəyi təqdirdə, Əli Kərimlini neçə ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, 278.1-ci maddənin tətbiqi yalnız ölkədə konstitusiya quruluşuna qarşı real zor tətbiqi təhlükəsi mövcud olduqda mümkündür.
Onun sözlərinə görə, bu maddə adi siyasi fəaliyyət, tənqid və ya ictimai narazılıqla əlaqələndirilmir:
“İttihamın məğzi ondan ibarətdirsə ki, dövlət quruluşuna zorla müdaxilə planlaşdırılıb və bu, əməli fəaliyyətlə müşayiət olunub, o zaman məhkəmənin 15–20 il cəza verməsi mümkündür. Ömürlük həbs isə yalnız silahlı struktur, zor tətbiqi və ya genişmiqyaslı təhlükənin sübuta yetirildiyi hallarda tətbiq edilir”.
Qeyd edək ki, Əli Kərimli DTX-də istintaqı davam etdirilən “Ramiz Mehdiyev işi” çərçivəsində saxlanılıb.











