Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı şərəf və ləyaqətin müdafiəsi, eləcə də təzminat tələbi ilə qaldırdığı iddianı tamamilə təmin etməyib.
NOCOMMENTaz xəbər verir ki, bu barədə "AM Hüquq Şirkəti" məlumat yayıb.
Hadisənin təfərrüatlarına əsasən, 2025-ci il iyunun 5-də Ermənistan hökumətinin iclasında çıxış edən Baş nazir Nikol Paşinyan Robert Köçəryanı "rüşvətxor" adlandırmışdı. Paşinyan bildirmişdi ki, Köçəryan barəsindəki rüşvət işi üzrə cinayət təqibinin müddətin keçməsi əsası ilə dayandırılmasını özü xahiş edib və bunu onun günahını etiraf etməsi kimi qiymətləndirmişdi. Bu bəyanatdan sonra Robert Köçəryan məhkəməyə müraciət edərək onun şərəf və ləyaqətini ləkələyən məlumatın təkzib olunmasını və mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb etmişdi.
İrəvan şəhərinin Birinci İnstansiya Ümumi Yurisdiksiya Məhkəməsi 2026-cı il iyulun 23-də çıxardığı qərarla iddianı tam şəkildə rədd edib. Qərarda qeyd olunub ki, Paşinyanın işlətdiyi "rüşvətxor" ifadəsi Köçəryanın iştirak etdiyi cinayət işi və onun həmin işdə nümayiş etdirdiyi davranış əsasında formalaşmış faktiki əsası olan qiymətləndirici mülahizədir. Məhkəmə bu nəticəyə gələrkən Ermənistan Kassasiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edib.
Nəticədə məhkəmə hesab edib ki, iddiaçının təqdim etdiyi sübutlar Mülki Məcəllənin müvafiq maddəsi üzrə iddianın təmin olunması üçün kifayət etmir.
Sara,
NOCOMMENT.az












