ATƏT rəsmi olaraq Minsk prosesi və onunla əlaqəli bütün strukturların fəaliyyətinin dayandırıldığını açıqlayıb. Qurumun yaydığı bəyanatda bildirilir ki, bütün inzibati prosedurlar tamamlanmaqla Minsk Qrupunun bağlanması prosesi yekunlaşıb.
Bu qərar avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə imzalanmış müştərək deklarasiya çərçivəsində həyata keçirilib.
Deklarasiyanı Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb. ATƏT-in üzvü olan 57 ölkə sentyabrın 1-də bu qərara konsensusla dəstək verib.
Bəs bundan sonra nə baş verəcək?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycan 2020-ci ilin Vətən müharibəsində qazandığı parlaq qələbədən sonra proseslər ardıcıl şəkildə inkişaf edir, problemlər mərhələli şəkildə həll olunur:
“Xüsusilə bu ilin avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İlham Əliyevlə Nikol Paşinyan arasında imzalanan paraflanma sənədindən – yəni sülh sazişinə aparan ilkin razılaşmadan sonra proseslərin daha da sürətləndiyi müşahidə olunur. Problemlər bir-bir həllini tapmağa başlayır.”
Abbaslının sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmin görüşdən sonra fəaliyyətinin dayandırılması gözlənilən idi.
“Sadəcə olaraq, bu addımın rəsmiləşdirilməsi qalırdı və o da baş verdi.
30 ildən artıq fəaliyyət göstərən, lakin heç bir real nəticə ortaya qoymayan, əksinə, ermənipərəst mövqe sərgiləyən Minsk Qrupuna həmsədrlik edən üç ölkənin – ABŞ, Rusiya və Fransanın fəaliyyəti faktiki olaraq illərlə Qarabağda turistik səfərlərdən və formal danışıqlardan ibarət olub. Buna görə də belə bir qurumun tarixə qovuşması, arxivə göndərilməsi sevindirici haldır”.
Siyasi şərhçi bildirib ki, Azərbaycan bundan sonra da ardıcıl şəkildə qarşısına qoyduğu hədəflərə doğru irəliləyəcək:
“Növbəti əsas məsələ Ermənistan Konstitusiyasında ölkəmizə qarşı yer alan ərazi iddialarının aradan qaldırılmasıdır.
Hesab edirəm ki, bu problem də yaxın mərhələdə həll olunacaq. Lakin ehtimal var ki, bu addım gələn ilin iyununda Ermənistan parlament seçkilərindən sonra atılacaq. Çünki Paşinyan həmin vaxta qədər belə bir dəyişiklik etsə, revanşist qüvvələrin əlini gücləndirə, özü isə seçkilərdə məğlubiyyət riski ilə üzləşə bilər.
Fikrimcə, gələcək mərhələdə Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı referendum keçiriləcək və bundan sonra yekun sülh sazişi imzalanacaq.
İstənilən halda, qeyd etdiyim kimi, Minsk Qrupu kimi mənasız və funksiyasını itirmiş bir qurumun tarixin arxivinə göndərilməsi Azərbaycanın diplomatik masada növbəti parlaq uğuru kimi qiymətləndirilməlidir”.











