Avropanın yüksək vəzifəli rəsmilərinin “The Wall Street Journal” nəşrinə verdiyi son açıqlamalar qlobal təhlükəsizlik arxitekturasında ciddi siqnalların verildiyini ortalığa qoyur. Məlumata görə, Rusiyanın yaxın 12 ay ərzində NATO-ya hücum edə biləcəyi ehtimalı fonunda Alyans Baltik ölkələrinin müdafiəsi üçün qoşunların sürətlə yerləşdirilməsinə dair təcili plan hazırlamağa başlayıb. Rusiyanın NATO-nun şərq cinahındakı ölkələrə qarşı genişmiqyaslı təxribatlara hazırlaşdığı bir vaxtda, latviyalı siyasi analitik, filologiya elmləri doktoru Aleks Qriqoryeva verdiyi müsahibədə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün də ilginc xəbərdarlıqlar edib.
Ekspert bildirib ki, Ukraynadakı hərbi nüfuzunu bərpa etmək üçün Kremle “kiçik qalibiyyətli müharibə” lazımdır və Kremlin hədəfində təkcə NATO üzvləri deyil, həm də digər qonşu dövlətlər dayana bilər. Astanada Qazaxıstana yönəlik ərazi iddialarını xatırladan siyasi analitik, Gürcüstanın artıq dolayı yolla nəzarətə götürüldüyünü, Ermənistanın isə kəskin iqtisadi-hərbi təzyiqlərlə üz-üzə qaldığını vurğulayıb. Bu kontekstdə Azərbaycan üçün də konkret xəbərdarlıq edən Qriqoryevs, rəsmi Bakının Rusiya ilə sərhəd boyunca dərhal “əjdaha dişləri” (tank əleyhinə istehkamlar) yerləşdirməli və Xəzər sahili boyunca artilleriya mövqelərini gücləndirməli olduğunu bəyan edərək, mümkün hərbi müdaxilə zamanı Türkiyənin Rusiya ilə birbaşa qarşıdurmaya gedib-getməyəcəyi sualını gündəmə gətirib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, avropalı analitiklərin və rəsmilərin bu növ kəskin bəyanatları qlobal miqyasda hərbi-siyasi gərginliyin artdığı bir dövrdə daxili auditoriyaları və regional müttəfiqləri ayıq-sayıq saxlamaq məqsədi daşıyır: "Aleks Qriqoryevsin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər və sərhədlərin istehkamlanması ilə bağlı çağırışları ilk baxışda şok effekti yaratsa da, müasir geosiyasi reallıqlar çərçivəsində tamamilə diqqətdən kənarda saxlanılacaq tezislər deyil. Rusiya öz yaxın ətrafında, xüsusən də postsovet məkanında təsir rıçaqlarını qoruyub saxlamaq üçün hər an hərbi və ya hibrid güc nümayişinə əl ata biləcək bir xarakterə malikdir. Lakin Azərbaycan dövləti və ordusu uzun illərdir ki, şimal sərhədlərinin təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir, kəşfiyyat və müdafiə strukturlarımız istənilən qəfil ssenariyə qarşı tam hazır vəziyyətdə saxlanılır".
Onun sözlərinə görə, Azərbaycanın milli təhlükəsizlik strategiyası və xarici tərəfdaşlıq əlaqələri Rusiyanın ölkəmizə qarşı hər hansı birbaşa hərbi təcavüz variantını minimuma endirən çox güclü sığorta mexanizmlərinə malikdir: "Ekspertin 'Türkiyə Rusiya ilə açıq hərbi qarşıdurmaya gedərmi?' sualına rəsmi və hüquqi cavab rəsmən Şuşa Bəyannaməsidir. Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi tərəflərdən birinə hərbi təhdid yarandıqda digərinin bütün imkanları ilə onun müdafiəsinə qalxmasını qanuni olaraq ehtiva edir. Bu gün rəsmi Bakı Moskva ilə balanslaşdırılmış diplomatik münasibətlər yürütsə də, öz hərbi qüdrətini və strateji müttəfiqliklərini daim möhkəmləndirir. Buna görə də, şimaldan gələ biləcək hər hansı risk ssenarisində Azərbaycan tək deyil, qardaş Türkiyənin hərbi çətiri və regiondakı mövcud güc balansı Kremlin ölkəmizə qarşı bu cür avantürist addımlar atmasının qarşısını alan ən böyük strateji maneədir".
Tunar,












