Paşinyan "Zəngəzur əməliyyatı"na başladı

Paşinyan "Zəngəzur əməliyyatı"na başladı

Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri ətrafında yaranan gərginlik və qanunsuzluq iddiaları ölkəni yeni bir siyasi böhrana sürükləyir. Mərkəzi Seçki Komissiyasının (MSK) iki mühüm məntəqənin nəticələrini qəfil ləğv etməsi müxalifətin kəskin etirazına və seçki saxtakarlığı ittihamlarının ortaya çıxmasına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, müxalif "Çiçəklənən Ermənistan" Partiyasından deputatlığa namizəd Gevorq Stepanyan məntəqələrin ləğv edilməsi qərarının pərdəarxası məqamlarını açıqlayıb. O bildirib ki, partiya İrəvanın Nubaraşen rayonundakı 10/51 saylı məntəqədə 131 səs, Zəngəzur (Sünik) vilayətinin Ağarak şəhərində yerləşən 35/65 saylı məntəqədə isə 82 səs toplayıb.

Onun sözlərinə görə, həmin məntəqələrin nəticələrinin ləğv edilməsi nəticəsində partiya tamamilə qanuni şəkildə qazanılmış 213 səsini itirib. Stepanyan qeyd edib ki, baş verən bu aşkar qanunsuzluqdan sonra Ermənistanda azad, demokratik və şəffaf seçkilərdən danışmaq qətiyyən mümkün deyil.

Məsələyə partiyanın mətbuat katibi İveta Tonoyan da sərt reaksiya verib. O, MSK-nın addımını kəskin tənqid edərək bu qərarın siyasi sifariş olduğunu diqqətə çatdırıb. Tonoyan vurğulayıb ki, iki məntəqənin nəticələrinin gecə saatlarında tələsik şəkildə ləğv edilməsi sırf "Çiçəklənən Ermənistan" Partiyasının parlamentə düşməsinin qarşısını almaq məqsədi daşıyıb. Onun sözlərinə görə, bu qərarın seçkilərin dürüstlüyü və legitimliyi ilə heç bir əlaqəsi yoxdur və tətbiq edilən bu inzibati təzyiq bütün seçki prosesini bəri başdan şübhə altına alır.

Qeyd edək ki, elan olunmuş ilkin nəticələrə əsasən, "Çiçəklənən Ermənistan" Partiyası ümumi səslərin 3,93 faizini toplayıb. Siyasi qüvvənin yeni formalaşan parlamentə qanunla keçə bilməsi üçün tələb olunan baryeri aşmasına cəmi 0,07 faiz səs çatmayıb. Məhz bu səbəbdən ləğv edilən 213 səs partiyanın taleyində həlledici rol oynayır. Yaranmış vəziyyətlə barışmayan müxalifət partiyası ölkə daxilində səslərin dərhal yenidən sayılmasını tələb edir və MSK-nın qərəzli qərarından məhkəməyə şikayət verəcəyini rəsmən açıqlayıb.

Sara,
NOCOMMENT.az