Revanşizmin son isteriyası və Ermənistanı dalandan çıxaracaq Bakı marşrutu

Revanşizmin son isteriyası və Ermənistanı dalandan çıxaracaq Bakı marşrutu

Ermənistanda Nikol Paşinyanın Azərbaycana mümkün səfəri ətrafında qoparılan növbəti isteriya dalğası bu ölkənin siyasi reallıqlarını və hələ də keçmişin bataqlığında boğulan revanşist qüvvələrin acınacaqlı durumunu bir daha çılpaq şəkildə ortalığa qoyur.

Müəyyən erməni ictimai fəallarının və radikal elementlərin sosial şəbəkələrdə yaydıqları bədbin və aqressiv tezislər, əslində, real siyasi iradənin və regionda yaranmış yeni geosiyasi reallığın qarşısında duyduqları çarəsizliyin etirafıdır. İllərdir Ermənistan cəmiyyətini yalan və xülyalarla bəsləyən, bu xalqı daimi bir blokada, səfalət və qorxu içində saxlayan Köçəryan, Sərkisyan və onların ətrafındakı revanşist xunta bu gün də eyni köhnəlmiş və iflasa uğramış ritorikadan yapışaraq ölkəni yenidən fəlakətə sürükləməyə çalışır. Onlar anlayırlar ki, regionda sülhün bərqərar olması onların siyasi cənazəsinin rəsmən dəfn edilməsi deməkdir.

Paşinyanın Bakıya mümkün səfərini absurd və dramatik ssenarilərlə təsvir edənlər anlamırlar və ya anlamaq istəmirlər ki, Ermənistanı illərdir düçar olduğu geosiyasi dalandan, iqtisadi və nəqliyyat təcridindən xilas etməyin yeganə yolu məhz Bakıdan keçir. Azərbaycanın diktə etdiyi və beynəlxalq hüquqa əsaslanan yeni reallıqları qəbul etmək Ermənistan üçün məğlubiyyət deyil, əksinə, bir dövlət kimi sağ qalmağın və gələcəyə addım atmağın yeganə şansıdır.

Paşinyan hakimiyyəti, bütün daxili tərəddüdlərinə, sistem daxili ziddiyyətlərinə rəğmən, bu gün revanşistlərin təzyiqlərinə qarşı duraraq ölkəni xarici güclərin əlində oyuncaq olmaqdan qurtarmağa xidmət edən praqmatik bir xətt yürütməyə məcburdur. Çünki bu xətt seçilməsə, Ermənistanın bir dövlət olaraq xəritədən silinmək təhlükəsi tamamilə real xarakter alacaqdı.

Azərbaycan xalqının qanına susamış, Xocalıda və digər torpaqlarımızda insanlıq əleyhinə cinayətlər törətmiş o faşist təfəkkürlü qüvvələr bu gün siyasi səhnədən silindikcə daha da azğınlaşırlar. Seçkilərdə xalq tərəfindən rədd edilən, kütləvi dəstəyini tamamilə itirən və yalnız müəyyən xarici paytaxtların sifarişlərini yerinə yetirən bu əlaltılar Ermənistan cəmiyyətini yenidən qarışdırmaq üçün hər bir detaldan, hər bir bəyanatdan şou düzəltməyə can atırlar. Onların məqsədi regionda sülhün və sabitliyin bərqərar olması deyil, öz çirkin siyasi ambisiyalarını və illərlə xalqın cibindən talan etdikləri sərvətləri qorumaq üçün Ermənistanı daimi bir münaqişə ocağı kimi saxlamaqdır. Erməni revanşizminin başında duran Robert Köçəryan və Serj Sərkisyan cütlüyü yaxşı bilir ki, Bakı ilə imzalanacaq hər hansı bir sülh müqaviləsi onların otuz illik qanlı irsinin birdəfəlik məhvi demək olacaq.

Tarixi ədalətin zəfər çaldığı bir dövrdə Bakıya gəlmək, Azərbaycanın suverenliyini tanımaq və rəsmi Bakının irəli sürdüyü hüquqi şərtlərlə barışmaq Ermənistan rəhbərliyi üçün qaçılmaz bir reallıqdır. Revanşistlərin qorxusu və bu səfər anonsuna qarşı nümayiş etdirdikləri aqressiya əslində öz cinayətkar keçmişlərinin tamamilə basdırılacağı günün yaxınlaşmasından xəbər verir. Erməni cəmiyyəti gec də olsa başa düşməlidir ki, revanşist faşistlərin arxasınca getmək növbəti fəlakətlərə imza atmaq deməkdir, Bakı ilə birbaşa və sivil dialoqa girmək isə regionda real müstəqilliyin və inkişafın yeganə qapısıdır. Bu gün Paşinyanı milli satqınlıqda ittiham edənlər, əslində özləri Ermənistanı geosiyasi cəhətdən həm müttəfiqlərinə, həm də düşmən elan etdikləri qonşularına tam asılı vəziyyətə salan şəxslərdir.

Bu nöqteyi-nəzərdən, radikal müxalifətin və onların sosial şəbəkələrdəki əlaltılarının hay-küyü daxili auditoriyaya hesablanmış ucuz manipulyasiyadan başqa bir şey deyil. Ermənistanın nicatı illər boyu davam edən saxta mifologiyalardan və xəstə ideologiyalardan imtina edib, praqmatik, rasional və qonşuları ilə sülh şəraitində yaşamağı bacaran normal bir dövlətə çevrilməsindədir. Paşinyanın bu istiqamətdə atacağı hər bir addım daxildə nə qədər böyük müqavimətlə qarşılaşsa da, regionun gələcəyi və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi naminə qaçılmazdır. İndi Ermənistan xalqı üçün ən mühüm sınaq, xarici kəşfiyyat şəbəkələrinin ruporuna çevrilmiş köhnə xuntanın təxribatlarına uymamaq və regionda yaranmış bu tarixi şansı növbəti dəfə kor-koranə şəkildə əldən verməməkdir. Tarix status-kvonun dəyişdiyini artıq hər kəsə sübut edib və bu axının qarşısını heç bir revanşist dalğa ala bilməyəcək.

Əli Səfərli,
NOCOMMENT.az