Amerikalı analitik, məşhur “Qobl planı”nın müəllifi Pol Qobl ABŞ-də jurnalist Coan Lisoskiyə müsahibəsində vitse-prezident Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfərini şərh edib.
Qobl Vensin səfərinin TRİPP layihəsinin (Zəngəzur dəhlizi) irəliləməsini təmin etmək məqsədi daşıdığını bildirib. Onun fikrincə, ABŞ-nin vitse-prezidentinin İrəvana gəlişi seçkilərdə Paşinyanın əlini gücləndirəcək məqamdır.
“Amerikalılar Paşinyana kömək edə bilərlər, çünki Ermənistanın baş nazirinin problemləri var. Kilsə ilə qarşıdurmadadır, “Qarabağ erməniləri” ilə problemləri mövcuddur, iqtisadi problemlərin olduğu da məlumdur. Rusiyanın Ermənistandakı seçkiləri pozmaq cəhdləri gözləniləndir, lakin İrəvanda Vaşinqtonun dəstəyi ilə hərəkət edəcəklər”, – o bildirib.
Qobl hesab edir ki, Rusiyanın Ermənistandakı hərbi bazasının bu yaya qədər çıxarılması ilə bağlı razılaşma ola bilər: “Gümrüdəki bazanın ölçüsünü azaltmaq, hətta tamamilə bağlamaq planını görə bilərik”.
Amerikalı analitik bildirib ki, Vensin səfəri Bakı üçün daha vacibdir.
“Vens səfəri zamanı ABŞ-nin Azərbaycanın yanında olduğuna zəmanət verəcək, TRİPP-in (Zəngəzur dəhlizi) icrası prosesinin sürətlənməsini təmin edəcək və İranda rejim dəyişikliyi olacaqsa, amerikalılar Bakıya kömək edəcəklər”, – Qobl belə düşünür.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, Vensin səfəri ABŞ-nin Cənubi Qafqaz siyasətində aktiv rolu, Rusiya və İranın təsir dairəsinin balanslaşdırılması, həmçinin regional sülh prosesinə təsir imkanlarını artırmaq məqsədi daşıyır:
“Səfər çərçivəsində Bakının geosiyasi dialoq və danışıqlar məkanı kimi rolu müzakirə oluna bilər, bu da regionda ABŞ-nin strateji mövqeyini möhkəmləndirir. Ümumiyyətlə ABŞ Cənubi Qafqaz siyasətində strateji mərhələyə keçib. Ötən ilin avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh paraflanmasının imzalanması, həmçinin TRİP layihəsi ilə bağlı üçtərəfli razılaşmanın əldə edilməsi bu prosesin əsası qoyuldu”.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ vitse-prezidenti D. Vensin Azərbaycan və Ermənistana səfəri yekun sülh müqaviləsinin tezləşdirilməsi, TRİP layihəsi üzrə praktiki işlərə başlanması və hər iki ölkəyə siyasi dəstəyin verilməsi məqsədi daşıyır:
“ABŞ bu addımlarla Rusiyaya açıq şəkildə Azərbaycan və Ermənistan arasında əsas sülhün qarantının özü olduğunu nümayiş etdirdi. Cənubi Qafqaz regionu yeni siyasi və iqtisadi mərhələyə qədəm qoyur. Bu mərhələdə ABŞ-nin tam siyasi dəstəyi açıq şəkildə hiss olunur.
Cənubi Qafqaz və Mərkəzi Asiyanın eyni marşrut üzrə birləşdirilməsi region ölkələrinin təhlükəsizliyi və dayanıqlı inkişafı üçün mühüm faktora çevrilir. Rusiyanın regionda baş verən proseslərə münasibəti birmənalı deyil. Moskvanın təzyiq cəhdlərinin müsbət nəticə verəcəyi real görünmür”.
Tunar
NOCOMMENT.az












