“Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətinin gücləndirilməsində və sərhədin mühafizəsinin təmin olunmasında kömək etməyə davam edəcək”.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Moskvada erməni həmkarı Ararat Mirzoyan ilə görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, Moskvada danışıqların yekunlarına əsasən, tərəflər bu gün növbəti iki il üçün məsləhətləşmələr planını imzalayacaqlar.
Lavrovun sözlərinə görə, koronavirusla bağlı vəziyyət getdikcə yaxşılaşır və diplomatlar arasında üzbəüz təmasları intensivləşdirmək lazımdır, xüsusən də geosiyasi vəziyyət qiymətləndirmələrin daha tez-tez sinxronlaşdırılmasını və müqayisəsini tələb edir.
“Biz növbəti böyük tədbirə – liderlərimizin növbəti sammitinə hazırlaşırıq və onun möhkəm məzmununu necə təmin edəcəyimizi müzakirə edəcəyik ki, bu da müttəfiqlik münasibətlərinə yeni keyfiyyət verəcək”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin ikinci ongünlüyündə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin planlaşdırıldığını bildirmişdi.











