İranın müdafiə nazirinin Azərbaycana səfəri maraq və diqqətlə qarşılanıb. O, Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Bu səfər İran böhranı fonunda mühüm əhəmiyyət kəsb edir. İranın müdafiə naziri islahatçı qanada mənsub olan Prezident Məsud Pezeşkianla koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Səfərlə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranda güc strukturları daxilində əsas söz sahibi SEPAH – İslam İnqilabı Keşikçiləri Qvardiyasıdır.

“SEPAH birbaşa Ali dini rəhbər Əli Xameneiyə tabedir və ölkənin təhlükəsizlik və regional siyasətində həlledici rol oynayır.
Prezident Pezeşkian Azərbaycanla həm siyasi, həm də hərbi əməkdaşlıqda maraqlıdır. Səfər çərçivəsində İran Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında mümkün birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Bu, rəsmi Tehran daxilində Azərbaycanla əlaqələrin inkişafına yönəlik müəyyən siyasi iradənin mövcud olduğunu göstərir. Prezident İlham Əliyev İranla bağlı mövqeyini ifadə edərək, siyasi müstəvidə mövcud böhranın aradan qaldırılması üçün vasitəçilik yerinə yetirməyə hazır olduğunu bildirib. Bu yanaşma Azərbaycanın İran siyasətində praqmatik xəttə sadiq qaldığını və hərbi eskalasiyanın əleyhinə olduğunu nümayiş etdirir”.
“İran müdafiə nazirinin səfərinin müsbət istiqamətdə inkişaf etməsinin qarşısını SEPAH-ın alması isə mümkündür. SEPAH-a nəzarət edən media resursları və ona yaxın yüksək rütbəli hərbi şəxslər mütəmadi olaraq anti-Azərbaycan mövqeyi sərgiləyir ki, bu da ikitərəfli münasibətlərin dərinləşməsi üçün ciddi maneə yaradır”, – politoloq yekunlaşdırıb.
Turan
NOCOMMENT.az












