Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3–4-də Səudiyyə Ərəbistanı və Misirə rəsmi səfər edib. Səfərin rəsmi açıqlanan hissəsində bildirilir ki, Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində, Misirlə isə müdafiə nazirləri arasında çərçivə sazişi imzalanıb.
Ekspertlər hesab edirlər ki, son bir il ərzində baş verən hadisələr regionun böyük müsəlman ölkələrini ciddi şəkildə narahat etməyə başlayıb. Suriyada qəfil hakimiyyət dəyişikliyi, Qəzza müharibəsi ilə bağlı ABŞ–İsrail əməkdaşlığı, Yəməndə Birləşmiş Ərəb Əmirlikləri–Səudiyyə Ərəbistanı gərginliyi, Sudanda vətəndaş müharibəsinin gedişi, Somalinin parçalanması və “Somaliland” separatçı qurumunun formalaşdırılması açıq şəkildə hiss olunmasa da, regionun yenidən dizayn edilməsi prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.
Ekspertlərin fikrincə, bütün bu hadisələr və ABŞ–İsrail ittifaqının İrana qarşı mümkün hərbi əməliyyatlara başlamaq niyyəti artıq regionda heç bir ölkənin özünü təhlükəsiz hiss etmədiyini göstərir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Kənan Rövşənoğlu bildirib ki, İrana mümkün hücumdan dərhal sonra Səudiyyə Ərəbistanının Pakistanla müdafiə paktı imzalaması, Yəməndə BƏƏ ilə qısa, lakin ciddi gərginliyin yaşanması Ər-Riyadın narahatlığını açıq şəkildə ortaya qoyur:
“Türkiyə Vaşinqtonla apardığı uzun və mürəkkəb diplomatik cəhdlər, Suriyada tətbiq etdiyi təzyiq siyasəti nəticəsində kürd məsələsində ABŞ-ni geri addım atmağa məcbur edə bildi. Lakin Ərdoğan anlayır ki, bu, yalnız taktiki addımdır. Vaşinqton istənilən an kürd faktorunu yenidən aktivləşdirə bilər.
İsrailin ‘Somaliland’ı dərhal tanıması və diplomatik əlaqələr qurması, Sudandakı qanlı müharibə, Liviya ətrafında baş verən proseslər göstərdi ki, regionda indiyə qədər mövcud olan nisbi nizam dağılmaqdadır.
Hazırda regionda müəyyən güc potensialına malik və birləşəcəyi təqdirdə İsrailin ABŞ-nin qeyd-şərtsiz dəstəyi ilə apardığı aqressiv siyasəti çərçivələyə biləcək üç ölkə qalır: Türkiyə, Misir və Səudiyyə Ərəbistanı. Pakistan nisbətən uzaqdadır, İran isə tamamilə fərqli bir cəbhədə yer alır.
Məhz bu səbəbdən Ərdoğan Misir və Səudiyyə Ərəbistanına səfər etdi. Misirlə həm Liviyada, həm Sudan və Somali məsələlərində koordinasiya qurmaq, Fələstin mövzusunda İsrailə qarşı birgə mövqe formalaşdırmaq niyyəti var. Səudiyyə Ərəbistanı ilə isə Suriya, Livan və İsrail–Fələstin münaqişəsi ilə bağlı əməkdaşlığa ehtiyac duyulur”.
“Güman edirəm ki, Ərdoğan imkan daxilində bu ölkələrlə hərbi-siyasi ittifaq yaratmağa çalışacaq. Lakin Məhəmməd bin Salman və Əbdülfəttah əs-Sisinin buna necə cavab verəcəyini indidən söyləmək çətindir. Hələlik ilkin mərhələ kimi hərbi əməkdaşlıq sazişləri imzalanıb. Ancaq real ittifaq üçün bir çox məsələdə anlaşma və ortaq mövqeyə gəlmək tələb olunur”, – politoloq qeyd edib.
Atilla Rzasoy












