SON DƏQİQƏ: Helikopter qəzasına səbəb bu imişbackend

SON DƏQİQƏ: Helikopter qəzasına səbəb bu imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı yeni məlumat yayıb. 

NOCOMMENT.az xəbər verir ki, məlumatda bildirilib ki, 2021-ci ilin aprel ayında müvafiq texniki qulluq həyata keçirildikdən sonra helikopter ölkəyə gətirilərək istismarı davam etdirilməklə qəza baş verən günə qədər 116 saat uçuş həyata keçirilib. Texniki baxış və təmirdən  əvvəlki, habelə ondan sonrakı dövrdə istismar olunarkən helikopterdə hər hansı nasazlıq aşkar edilməyib:

“Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilib ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib”.

Həmçinin məlumatda qeyd olunub ki, helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub:

“Belə ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olmuşdur. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb. Bundan ötən qısa müddət ərzində pilotlar  helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər”.

İstintaqla müəyyən edilib ki, helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verib. Helikopterin uçuş parametrlərinin avtomatik qeydiyyat sistemində olan məlumatların təhlilinə əsasən qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan “Şaq-Qaz” dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması olmuşdur ki, bu nəticə etibarilə mühərrikin dövrlər sayının, sürətin, hündürlüyün anidən azalması ilə idarə olunmaz halda olan helikopterin quyruq hissəsinin pərinin (helikopterin tarazlığını saxlamaq funksiyasını yerinə yetirir) yerə dəyərək qırılmasına səbəb olmuş, daha sonra helikopterin sağ qanadında döyüş sursatının saxlanılması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınıb, bundan sonra sol tərəfi üstə yerə dəyərək sürüşüb, hərəkətdə olan aparıcı pərin təsirindən helikopter yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəyib və sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayış və yanğın baş verib. 

Qeyd edək ki, aparılan ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olan şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub.

NOCOMMENT