Bir millət, bir yara, bir ümid: O dəhşətli gündən 3 il keçdi – VİDEO

Bir millət, bir yara, bir ümid: O dəhşətli gündən 3 il keçdi – VİDEO

Bu gün – 6 fevral insanlıq tarixinin ən ağır faciələrindən birinin, 2023-cü ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələnin üçüncü ildönümüdür.

Üç il əvvəl, sübh çağı yerin altından gələn qorxunc titrəyiş milyonlarla insanın həyatını bir anda alt-üst etdi, minlərlə ailənin ocağını söndürdü, bütöv şəhərləri viran qoydu. O gün təkcə Türkiyənin deyil, bütün türk dünyasının, bütün bəşəriyyətin qəlbində sağalmaz bir yara açıldı.

6 fevral 2023-cü ildə episentri Kahramanmaraş olan, ard-arda baş verən 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ Hatay, Adıyaman, Gaziantep, Malatya və daha səkkiz vilayəti əhatə edərək geniş bir ərazini fəlakət zonasına çevirdi. Rəsmi məlumatlara görə, təkcə Türkiyədə 53 mindən çox insan həyatını itirdi, yüz minlərlə insan yaralandı, 100 mindən artıq bina tamamilə dağıldı və ya yaşayış üçün yararsız hala düşdü. Təxminən 14 milyon insan bu fəlakətdən birbaşa təsirləndi, milyonlarla insan evsiz qaldı. Bu rəqəmlər sadəcə statistik göstərici deyil – hər biri bir ailənin dağılan ümidini, yarımçıq qalan ömrünü, susan bir ürəyi ifadə edir.

@gztSESİMİ DUYAN VAR MI? | Ülkemizde, 6 Şubat’ta Kahramanmaraş’ın Pazarcık ilçesinde saat 04.17’de 7,7 büyüklüğünde, Elbistan ilçesinde saat 13.24’te 7,6 büyüklüğünde deprem meydana geldi #haber #gündem #tiktokhaber #tiktokgündem

♬ gzt – orijinal ses – gzt


Zəlzələnin ilk saatlarından etibarən Türkiyə xalqı ilə birlikdə bütün dünya ayağa qalxdı. Amma bu ağrılı günlərdə ən sarsılmaz dayaq, ən səmimi təsəlli məhz Azərbaycan oldu. “Bir millət, iki dövlət” fəlsəfəsi bu dəfə sözlərdə deyil, əməldə özünü göstərdi. Fəlakətin baş verdiyi ilk anlardan Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında oldu. Xilasetmə qrupları, həkimlər, könüllülər, texnikalar, səhra hospitalları, humanitar yardım karvanları gecə-gündüz demədən zəlzələ bölgəsinə yola düşdü.

Minlərlə azərbaycanlı xilasedici dağıntılar altından sağ qalan insanları çıxarmaq üçün həyatını riskə atdı. Həkimlər yaralıların sağalması üçün gecə-gündüz çalışdı. Könüllülər yardımların bölgələrə çatdırılmasında böyük fədakarlıq göstərdi. Azərbaycan xalqı da bu səfərbərliyə ürəkdən qoşuldu: kimisi isti geyim göndərdi, kimisi ərzaq topladı, kimisi son qəpiyini belə qardaşına dayaq olmaq üçün bağışladı. Məktəblərdə, universitetlərdə, küçələrdə, iş yerlərində yardım kampaniyaları təşkil olundu. Bu, sadəcə maddi dəstək deyil, qəlbdən gələn bir həmrəylik, bir qardaşlıq nümunəsi idi.

Azərbaycanın dövlət səviyyəsində göstərdiyi yardım da misilsiz oldu. Prezident İlham Əliyev ilk gündən etibarən Türkiyəyə dəstəyin tam səfərbər olunması ilə bağlı göstərişlər verdi, zəlzələ bölgələrinə mütəmadi olaraq yardımın göndərilməsini təmin etdi. Azərbaycan xilasediciləri tərəfindən yüzlərlə insan dağıntılar altından sağ çıxarıldı, minlərlə yaralıya tibbi yardım göstərildi. Səhra hospitalları quruldu, mobil xəstəxanalar fəaliyyətə başladı, minlərlə çadır və konteyner evlər göndərildi.

Sonrakı mərhələdə Azərbaycan təkcə humanitar yardımla kifayətlənmədi, həm də bərpa və yenidənqurma prosesində fəal iştirak etdi. Zəlzələdən ən çox zərər çəkmiş bölgələrdə Azərbaycan tərəfindən yaşayış binaları, məktəblər, sosial obyektlər inşa olundu. “Azərbaycan məhəlləsi” layihəsi çərçivəsində yüzlərlə ailə üçün yeni, müasir və təhlükəsiz evlər tikildi. Bu addımlar bir daha göstərdi ki, Azərbaycan üçün Türkiyənin dərdi öz dərdidir, ağrısı öz ağrısıdır.

Zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan dövlətinin rəsmi orqanları qardaş Türkiyəyə maliyyə və humanitar yardım göndərməyə başladı. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, fevralın 6-dan martın 15-də kimi ümumilikdə 76 milyon 344 min 930 manat (təxminən 44,9 milyon ABŞ dolları) dəyərində humanitar və maliyyə yardımı göstərildi. Bu məbləğin 53 milyon 568 min 530 manatı (təxminən 31,5 milyon dollar) humanitar yardım formasında idi.

Azərbaycanın xarici yardımlarının başqa mənbələri də bu rəqəmləri təsdiqləyir: ölkə fövqəladə vəziyyətlərdə yardım üçün birbaşa olaraq pul köçürmələri ilə yanaşı, humanitar yüklər, tibbi ləvazimatlar, çadırlar, səhra xəstəxanaları və digər zəruri ehtiyaclar da çatdırdı. Azərbaycan tərəfindən Türkiyəyə 5 300 ton humanitar yardım göndərildiyi, əlavə olaraq 45 milyon ABŞ dolları müvafiq təşkilatların hesabına köçürüldüyü bildirildi və zəlzələ zonasına çoxsaylı xilasetmə və tibbi personalın göndərildiyi qeyd edildi.

Zəlzələ yardımı çərçivəsində Azərbaycandan Türkiyəyə 15 təyyarə, 395 yük maşını və 25 dəmir yolu vaqonu ilə yardım göndərildi, bizim xilasetmə və kömək komandalarımız eyni zamanda Türkiyədə fəaliyyət göstərənlər sırasına daxil oldu. Bununla yanaşı, yüzlərlə xilasedici, tibb işçisi və könüllü zəlzələ zonasında çalışdı və yüzlərlə mobil konteyner evlər də quraşdırıldı.

Yardım yalnız dərhal ehtiyacları qarşılamaqla məhdudlaşmadı, bərpa mərhələsində də davam etdi. Azərbaycan Türkiyədə zəlzələ nəticəsində dağılan şəhər və kəndlərin yenidən qurulması üçün böyük layihələr həyata keçirdi. Rəsmi məlumatlara görə, Azərbaycan zəlzələ zonasına 100 milyon ABŞ dolları dəyərində yeni yaşayış binalarının tikintisi layihəsini həyata keçirməyi öhdəsinə götürdü və bu çərçivədə yeni məhəllələr inşa edilir. Bu yeni binalar zəlzələdən zərər çəkmiş ailələr üçün təhlükəsiz yaşayış sahələri təmin edir və Türkiyə ilə qardaşlıq əlaqələrinin daha da möhkəmləndiyini göstərir.

Bu prosesdə Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan dəfələrlə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə etdi, göstərilən dəstəyi tarixi qardaşlıq nümunəsi kimi qiymətləndirdi. İki ölkə liderlərinin qarşılıqlı səfərləri, zəlzələ bölgələrinə birgə baxışları, görülən işlərin yerində izlənilməsi bu həmrəyliyin nə qədər səmimi və davamlı olduğunu sübut etdi.

Bu gün, üç il sonra, dağıntıların yerində yeni binalar, viran qalmış küçələrin yerində yenidən həyat görünür. Uşaqlar yenidən məktəbə gedir, ailələr yeni evlərində ümidlə sabaha baxır. Amma itirilən canların, yarımçıq qalan talelərin acısı heç vaxt unudulmur. Hər 6 fevral tarixi insanlara həm bu ağrını xatırladır, həm də birlikdə olmağın, bir-birinə dayaq durmağın nə qədər vacib olduğunu yenidən göstərir.

Bu faciə bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə siyasi və ya diplomatik əlaqələr deyil. Bu, qanla, tarixlə, mədəniyyətlə, talelə yazılmış qardaşlıqdır. Dar gündə bir-birinin yanında olmaq, sevincdə də, kədərdə də bölüşmək bu münasibətlərin əsas sütunudur. 6 fevral zəlzələsi bu qardaşlığı daha da möhkəmləndirdi, onu bütün dünyaya nümayiş etdirdi.

Bu gün biz həm şəhid olan minlərlə insanın xatirəsi qarşısında baş əyir, həm də onların xatirəsini yaşatmaq üçün qurulan yeni həyatlara baxaraq ümidlə doluruq. Türkiyənin ağrısı Azərbaycanın ağrısıdır, Türkiyənin sevinci Azərbaycanın sevincidir. Bu sarsılmaz bağ, bu əbədi qardaşlıq zamanın heç bir sınağı qarşısında sınmayacaq və gələcək nəsillərə də miras qalacaq.

@yusuf.can68 #6şubatdeprem ♬ @yusu.fcelik085 – orijinal ses – @yusu.fcelik085

Əli Səfərli,
NOCOMMENT.az