Bakının Nizami rayonunun Qara Qarayev prospektində – metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə çalışan avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, 99 JZ 249 nişanlı avtobus dayanacaqda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 nömrəli Toyota Prius minik avtomobili arxadan avtobusa dəyib.
“Daşıyıcı şirkətdən verilən məlumata əsasən, qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb”, – deyə məlumatda bildirilib.
TƏBİB-dən verilən məlumata görə, 4 nəfərə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.












