FHN-nin Dövlət Yanğın Nəzarət Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti Ramazanlı Nəbi Əhməd oğlu barəsində protokol tərtib edib.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,Nəbi Ramazanlı barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 158.1 maddəsi ilə (Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə-yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir) irəli sürülüb.
Nəbi Ramazanlı Dövlət Yanğın Nəzarət Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti tərəfindən tərtib olunan protokol barəsində Yasamal Rayon Məhkəməsinə şikayət verib. İşə hakim Günel Əkbərlinin sədrliyi ilə baxılacaq.
Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, protokol tərtib olunan şəxs Bakı Dövlət Universitetinin iqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Əhməd oğlu Ramazanlıdır.
Qeyd edək ki, Nəbi Ramazanlı 2002-2005-ci illərdə Bakı Dövlət Universitetində baş mühəndis vəzifəsində fəaliyyət göstərib. 2005-ci ilin aprel ayından indiyənədək BDU-nun prorektorudur. Prorektorun bir qızı da 2008-2012-ci ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Genetika və təkamül təlimi kafedrasında baş laborant, 2012-2018 Biotexnologiya ETL-in kiçik elmi işçisi, 2018-ci ildən etibarən müəllim kimi çalışır.












