General Şıxəliyevlə zərərçəkmişlər arasında dava

General Şıxəliyevlə zərərçəkmişlər arasında dava

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Hüseyn Səfərov dəmir qəfəsdə olan Mövlam Şıxəliyevlə mübahisə edib: “Abrın-həyan olsun, kişiyəm deyirdin? Sənsən kişi? Kişi kimi söz verirəm deyənə bax. Sənin mənliyin, kişiliyin yoxdur. Sən kişilikdən daha danışma…”

Mövlam Şıxəliyev Hüseyn Səfərova cavab vermək istəyib.

Bu zaman digər zərərçəkən Bahəddin Həziyev ona imkan verməyib: “Sənin burada özünü ədalı aparmağa haqqın yoxdur. Sən bizə qarşı ağır cinayət eləmisən. Bizim evimizi yıxmısan. Mənim oğlumu ləkələmisən, məni ağır duruma salmısan. Şərəfsiz, mən sənə nə etmişdim? Atanı öldürmüşdüm? Mənim oğlumu niyə ləkələdin? Kişilikdən danışma, sənin buna haqqın yoxdur. Bizə vurduğun zərərləri qaytarmasan, səndən əl çəkən deyilik. Sən şərəfsizsən”.

Mövlam Şıxəliyevin zərərçəkənlərə dedikləri səs-küydən eşidilməyib. Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirməyə çalışıblar. Lakin buna nail olmayıblar. Nəzarətçilər aranı sakitləşdirmək üçün Mövlam Şıxəliyevi zaldan çıxarıblar.

Hakim Elbəy Allahverdiyev tərəflərə xəbərdarlıq etməklə onları sakitliyə riayət etməyə çağırıb. Əks təqdirdə məhkəmə zalından çıxarılacaqlarını deyib.

Bundan sonra zalda olan digər 3 təqsirləndirilən şəxsə və zərərçəkənlərə müraciət etməklə çıxış etmələrini istəyib.

Təqsirləndirilənlər və zalda olan zərərçəkənlər çıxışa hazır olmadıqlarını bildiriblər. Onlar məhkəmədən vaxt istəyiblər.

Növbəti proses sentyabrın 13-də davam edəcək.