İcazəsiz tikintilərlə bağlı QƏRAR VERİLDİ – Kimlərə şamil olunur?

İcazəsiz tikintilərlə bağlı QƏRAR VERİLDİ – Kimlərə şamil olunur?

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib. Layihə, tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısında bir sıra əhəmiyyətli dəyişikliklər nəzərdə tutur.

Mövcud qanunvericiliyə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində hündürlüyü ən çox 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisi icazə tələb etmədən həyata keçirilə bilərdi. Yeni qanun layihəsində isə kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin siyahıdan çıxarılması və bəzi əlavə istisnaların müəyyənləşdirilməsi təklif edilir.

Layihəyə əsasən, bundan sonra xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çox 60 kubmetr və dərinliyi 5 metr olan quyular, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililər, hündürlüyü ən çox 3 metr və sahəsi 300 kvadratmetr olan istixanalar icazə tələb olunmadan tikilə biləcək. Lakin bu istisnalar kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilmir, yəni həmin sahələrdə tikinti üçün müvafiq icazə tələb olunacaq. Bu dəyişiklik vətəndaşların hüquqi təminatını gücləndirməklə yanaşı, dövlətin nəzarət funksiyasını da qorumağa xidmət edir.

Hüquqşünas Tural Əliyev layihəni hüquqi baxımdan NOCOMMENT.az-a şərh edərkən bildirib ki, dəyişiklik vətəndaşların hüquqi əminliyini artırır və icazə prosedurlarını sadələşdirir:

“İcazə tələb olunmayan obyektlərin ölçüləri və təyinatı qanunda dəqiq göstərildikdə vətəndaşlar və sahibkarlar üçün hüquqi aydınlıq yaranır. Bu, həm də mübahisələrin qarşısını alır və tikintidə qanunsuzluq hallarını minimuma endirir. Kənd təsərrüfatı obyektlərinin siyahıdan çıxarılması dövlətin nəzarət funksiyasını qoruyur və strateji əhəmiyyət kəsb edən sahələrdə tikintinin qanunsuz şəkildə həyata keçirilməsinin qarşısını alır”.

Hüquqşünasın sözlərinə görə, yeni qanunvericilik vətəndaşlar üçün hüquqi aydınlıq yaradır, dövlət üçün isə strateji və ekoloji baxımdan nəzarət funksiyasını gücləndirir:

“Bu qanun layihəsi yalnız icazə prosedurlarını sadələşdirmir, həm də dövlət və vətəndaş arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edir. İnsanlar və sahibkarlar hansı obyektlərin icazəsiz tikilə biləcəyini dəqiq biləcək, qanun pozuntularının qarşısı alınacaq”.

Tikinti üzrə ekspert Elçin Məmmədov isə saytımıza qanun layihəsinin praktik tərəfini vurğulayıb:

“Bu dəyişiklik sahibkarlar üçün ciddi üstünlüklər yaradır. İcazə tələb olunmayan obyektlərin ölçüləri və növləri aydın şəkildə müəyyənləşdiyindən kiçik tikililər üçün müraciət və prosedurlardan yaranan vaxt itkisi azalır. Sahibkarlar daha qısa müddətdə öz layihələrini həyata keçirə bilirlər. Eyni zamanda, kənd təsərrüfatı obyektləri üçün icazənin saxlanılması ətraf mühitin qorunması və dövlət nəzarətinin təmin olunması baxımından vacibdir”.

Elçin Məmmədov qeyd edib ki, layihə, xüsusilə kiçik obyektlərin tikintisi zamanı bürokratik maneələri aradan qaldırır və sahibkarlar üçün əlverişli mühit yaradır:

“İcazə tələb olunmayan obyektlərin aydın tərifi tikintinin sürətlənməsinə və maliyyə xərclərinin azaldılmasına səbəb olur. Bu da kiçik və orta sahibkarlığın inkişafına birbaşa töhfə verir.”