Son vaxtlar bazarlarda və apteklərdə müşahidə olunan qiymət artımı xüsusən də aztəminatlı təbəqənin, o cümlədən pensiyaçıların vəziyyətini daha da çətinləşdirib. Növbəti il üçün gözlənilən pensiya artımı rəqəmlərdə müsbət dinamika göstərsə də, inflyasiyanın real təsiri fonunda bu artımın nə dərəcədə yetərli olub-olmayacağı cəmiyyətdə ciddi müzakirə mövzusudur.
Mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda növbəti ildə pensiyaların təxminən 10 faiz civarında artırılması gözlənilir:

“Bu artım əhalinin əsas xərclərini təşkil edən sahələrdə müşahidə olunan qiymət bahalaşmasını kompensasiya etmir.
Ölkədə ərzaq inflyasiyası 6–18 faiz arasında dəyişir.
Pensiyaçılar üçün ən həssas istiqamətlərdən biri olan dərman bazarında isə inflyasiya daha yüksəkdir.
Bu səbəbdən təqaüdlərin indeksasiyası real gəlirlərin qorunması baxımından yetərli olmur.
Natiq Cəfərli əlavə edib ki, son bir ildə bir çox əsas ərzaq məhsullarında ciddi bahalaşma qeydə alınıb:
• Kərə yağı – təxminən 30% artıb;
• Ət məhsulları – 20%-ə qədər bahalaşıb”.
“Bu mənzərə fonunda pensiyaların artımı bahalaşmanın yaratdığı yükü azalda bilmir”, – deyə ekspert vurğulayıb.
Beləliklə, mövcud inflyasiya şəraitində pensiyaçılar üçün həyat səviyyəsinin qorunması hələ də açıq qalan əsas sosial problemlərdən biri olaraq qalır.
Aynurə İsmayıl











