Ermənistanda yeni konstitusiya və referendum müəmması: Paşinyanın qarşısında hansı maneələr var?

Ermənistanda yeni konstitusiya və referendum müəmması: Paşinyanın qarşısında hansı maneələr var?

Ermənistanın baş naziri Nikol Paşinyanın 2026-cı ilin sonuna qədər yeni konstitusiya layihəsini dərc etmək planları və bununla bağlı gözlənilən ümumxalq referendumu regional müzakirələrin əsas mövzularından biridir.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycanın əsas sülh şərtlərindən biri olan və müstəqillik bəyannaməsinə istinad edərək ərazi iddialarını ehtiva edən preambulanın dəyişdirilməsi məsələsi haqqında ermənistanlı analitik, Təhlükəsizlik Siyasəti Tədqiqatları Mərkəzinin eksperti Samvel Meliksetyan "haqqin.az" saytına şərh verib.

Ekspert qeyd edib ki, baş nazir iyulun 9-da yeni konstitusiyanın mətninin ilin sonunadək dərc oluna biləcəyini və komissiya daxilində yalnız bir məsələnin razılaşdırılmamış qaldığını bildirmişdi. Lakin əsas problem mətnin ictimaiyyətə təqdim olunmasından sonra Milli Məclisdən keçməsidir:

“Konstitusiya dövlətin təməl təməli olduğundan, onun qəbul edilməsi siyasi qüvvələr arasında konsensus və 2/3 səs çoxluğu (105 deputatdan 70-i) tələb edir. Hazırkı siyasi konfiqurasiyada Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının konstitusiya çoxluğu üçün azı 6 səsi çatmır. Müxalifət nümayəndələrinin bu layihəni dəstəkləməsi isə qeyri-mümkün görünür, çünki onların razılığı hakim partiyanın təşəbbüsünün qələbəsi demək olar”.

Meliksetyan həmçinin Ermənistan-Rusiya münasibətlərindəki böhrana diqqət çəkərək qeyd edib ki, Rusiya tərəfi müxalifətə təsir edərək hakimiyyətin bu təşəbbüsünün qarşısını almağa çalışacaq. Rusiya hələ də seçkilərdəki qələbə münasibətilə Paşinyanı təbrik etməyib və daxili siyasi mübarizənin yumşalması həm də Moskvanın mövqeyindən asılı olacaq.

Alternativ hüquqi yollara gəldikdə, ədliyyə naziri Srbui Qalyanın parlamentdən yan keçməklə referendumun keçirilməsinin alternativ yollarının olduğu barədə açıqlamalarına baxmayaraq, ekspert hesab edir ki, konstitusiya dəyişiklikləri üçün parlamentdən yan keçən real hüquqi mexanizmlər mövcud deyil. Digər variant kimi Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli “Qarabağın birləşdirilməsi” haqqında qərarının ləğvi məsələsi də nəzərdən keçirilə bilər, lakin bu da əlavə hüquqi araşdırma tələb edir.

Xatırladaq ki, yeni əsas qanunun qəbulu üçün keçiriləcək referenduma seçicilərin ən azı 25%-nin (625 min nəfər) səs verməsi tələb olunur.

Sara,

NOCOMMENT.az