Vaxtaşırı mediada xaricdə təhsil şirkətləri ilə bağlı ayrı-ayrı vətəndaşların şikayətləri dərc edilir.
Şikayətlərin məzmunundan məlum olur ki, bəzi şirkətlər vətəndaşlarla müqavilə imzaladıqdan sonra ya “yoxa çıxırlar”, ya da müqavilə öhdəliklərinə əməl etmirlər.
Belə şikayətlərdən biri də “Pilgrim Education” şirkəti barəsindədir.
NOCOMMENT.az xəbər verir ki, Vətəndaş Türkan Qurbanova Qaynarinfo-ya bildirib ki, 2023-cü ilin sentybarında xaricdə təhsil almaq üçün müraciət edib:
“Müqavilə bağladıq. 1800 manat ödədim. Pulun 1000 manatını birdəflik, 800 manatını isə hissə-hissə ödəmişəm. Mən şərtsiz qəbul istəyirdim. Bu halda təqaüd üçün müraciət edə biləcəkdim. Şirkətdən dedilər ki, narahat olmayın, siz deyən kimi olacaq”.
Vətəndaşın sözlərinə görə, bir müddət sonra ona qəbul olunması ilə bağlı sənəd təqdim edilib. “Mən də təqaüd üçün müraciət etməyə başladım” deyən Türkan Qurbanovanın sözlərinə görə, prosesin ortasında məlum olub ki, ona təqdim edilən sənəd saxtadır.
“Sonradan məlum oldu ki, ümumiyyətlə, mən heç bir universitetə qəbul olunmamışam. Adım heç sistemdə də yoxdur”, deyə vətəndaş əlavə edib.
O, şirkətdən pulunu geri istəsə də, ala bilməyib. Türkan Qurbanova hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin ona verilən cavabda bildirilib ki, bu işdə cinayət tərkibi yoxdur və məhkəməyə müraciət etməsi tövsiyə edilib.
“Pilgrim Education” şirkətindən şikayətçi olan Firuzə Hacıyeva da oxşar halla üzləşib. O, bizimlə söhbətində deyib ki, şirkətə 1500 manat ödəyib.
Lakin siyahısını verdiyi universitetlərdən heç birinə qəbul olunmayıb.
“Bir universitetə qəbul etdirmişdilər. Onu da mən müqavilədə göstərməmişəm. Təqaüdlü qəbul istəyirdim. Şirkətə dəfələrlə müraciət etsəm də, nəticəsi olmayıb. Zənglərə cavab vermilər, ofislərinin qapısı bağlıdır”, deyə Firuzə Hacıyeva vurğulayıb.
O da hüquq-mühafizə orqanlarına müraciət edib və “bu mülki mübahisədir” cavabını alıb.
Məlumatlara görə, “Pilgrim Education” şirkətindən daha iki şikayətçi var. Bunlar Soltanova Rəna Pərviz qızı və Hüseynova Tahirə Rəhman qızıdır. Onlar da şirkət tərəfindən aldadıqlarını iddia ediblər.
Şikayətçilər yaxın günlərdə məsələ ilə bağlı daha yuxarı instansiyalara müraciət etmək niyyətindədirlər.
Araşdırmalarımız zamanı məlum olub ki, vaxtilə “Career Guide” adı altında fəaliyyət göstərən bu şirkətdən şikayətlər çoxdur. Mediada bu barədə xeyli material dərc edilib.
“Prilgrim Education” şirkətinin rəhbəri Aişa Aslanova adlı şəxsdir.
Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında bu şirkətin adına rast gəlinmir. Açıq mənbələrdə də şirkət haqqında heç bir məlumat yoxdur.
Şikayətçilərin iddiaları ilə bağlı şirkətdən mövqe öyrənmək mümkün olmayıb.












