Rafael Cəbrayılovun qardaşı: Bunun üstündə mübahisəmiz düşürdü

Rafael Cəbrayılovun qardaşı: Bunun üstündə mübahisəmiz düşürdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində onun digər qardaşı Rauf Cəbrayılov ifadə verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Rauf Cəbrayılov bildirib ki, Binəqədi rayonu ərazisində 2 hektar torpağını mərhum qardaşının tanışı Fikrət vasitəsilə satıb.

O deyib ki, satdığı torpağa görə Fikrətin ona 50 min manat borcu qalıb.

Rauf Cəbrayılov söyləyib ki, tikinti işlərinə mərhum qardaşı Rafael Cəbrayılov nəzarət edirmiş: “Şirkətin təsisçisi isə digər qardaşım Elşən və mən idim. Pul üstündə mübahisəmiz düşürdü. Mən dəfələrlə deyirdim ki, faizə pul almayın, haramçılıqdı. Deyirdik ki, “Rafael, bu pulları neynirsən, kimə verirsən?” Bizim davamız daha çox onun faizə pul alması səbəbindən idi. Satılan evlərdən mənə faiz düşmürdü. Təsis payı məndə 20 faiz, Elşəndə isə 70 faiz göstərilirdi. Şirkətin fəaliyyəti ilə Elşən məşğul olurdu. Ancaq digər məsələlərlə Rafael şəxsən özü məşğul olurdu. Açığı desəm, Rafael Milli Məclisdə olmurdu, çox vaxt şirkətdə olurdu”.

Məhkəmədə elan edilib ki, iş üzrə zərərçəkmiş və şahidlər məhkəməyə gəlməyib. Onların məcburi olaraq məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb.

Məhkəmənin növbəti iclası fevralın 10-na təyin edilib.