Səhər saatlarının sakitliyini pozan bu hadisə təkcə bir məktəbin həyətində baş verən insident deyil, cəmiyyətin uzun müddətdir cavabsız qalan suallarının acı nəticəsidir. Məktəbin bilik və təhlükəsizlik məkanı olduğu bir vaxtda, bir şagirdin silaha əl atması insanı düşünməyə vadar edir: bu nöqtəyə gələnə qədər onun daxili dünyasında nələr baş verib, hansı siqnallar vaxtında görülməyib, hansı problemlər gözardı edilib?
NOCOMMENT.az xəbər verir ki, Binəqədi rayonunda yerləşən “İdrak” liseyinin qarşısında baş verən hadisə ilə bağlı ilkin məlumatlara görə, 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahı ilə müəllimə atəş açaraq ona xəsarət yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan şagirdin üzərindən silah götürülüb, faktla bağlı araşdırma aparılır. Məlum olub ki, onun əvvəllər də davranış problemləri olub, emosional gərginlik yaşayıb və kompüter oyunlarına həddindən artıq maraq göstərib.
Mövzu ilə bağlı klinik psixoloq Vüsalə Əliyeva NOCOMMENT.az-a bildirib ki, bu cür hadisələr heç vaxt qəfil yaranmır və arxasında uzun müddət yığılan psixoloji gərginlik dayanır.
Onun sözlərinə görə, yeniyetməlik dövrü insanın ən həssas mərhələsidir və bu dövrdə başa düşülməmək, dəyərsiz hiss etmək, diqqət çatışmazlığı aqressiv davranışlara zəmin yarada bilər:
“Əgər bir uşaqda davamlı əsəbilik, ünsiyyətdən qaçma, müəllimlərlə və ya yaşıdları ilə konflikt, dərsə marağın azalması kimi əlamətlər varsa, bu artıq risk siqnalıdır. Təəssüf ki, çox vaxt bu əlamətlər ‘keçici haldır’ deyə ciddiyə alınmır. Halbuki bu, uşağın kömək çağırışıdır”.
Vüsalə Əliyevanın fikrincə, kompüter oyunları da bu prosesdə əlavə təsiredici amil ola bilər.
“Xüsusilə zorakılıq səhnələri ilə zəngin oyunlar emosional problemi olan yeniyetmələrdə real həyatla virtual aləm arasındakı sərhədləri zəiflədə bilər.
Belə uşaqlar oyunlarda özlərini güclü hiss edir, reallıqda isə bu gücü tapa bilmirlər. Nəticədə, daxili gərginlik aqressiya şəklində üzə çıxır. Amma əsas səbəb oyunlar deyil, uşağın psixoloji vəziyyətinin nəzarətsiz qalmasıdır. Bu cür halların qarşısını almaq üçün ailə və məktəb arasında sıx əməkdaşlıq olmalıdır. Valideynlər uşaqlarının gündəlik davranışına, emosional durumuna diqqət yetirməli, onları dinləməyi bacarmalıdır. Məktəblərdə isə psixoloji xidmətin rolu gücləndirilməli, risk qrupunda olan şagirdlərlə fərdi iş aparılmalıdır. Uşaqlar problemlərini rahat şəkildə bölüşə biləcəkləri təhlükəsiz mühit tapmalıdırlar”.
Mütəxəssis həmçinin silah təhlükəsizliyi məsələsinə də toxunur.
Onun sözlərinə görə, evdə saxlanılan ov və ya digər silahların uşaqların əlinə keçməsi ciddi təhlükə yaradır:
“Valideyn məsuliyyəti burada həlledici rol oynayır. Bir anlıq ehtiyatsızlıq faciəyə çevrilə bilər. Bu hadisə bir daha göstərdi ki, məktəbdə baş verən zorakılıq halları yalnız hüquqi problem deyil, eyni zamanda dərin psixoloji və sosial məsələdir. Uşaqları yalnız qiymətlərinə görə deyil, daxili dünyalarına görə də tanımaq lazımdır. Onların səssiz narahatlıqlarını vaxtında görmək, problemlərinə biganə qalmamaq gələcək faciələrin qarşısını ala bilər”.
Tunar







