Strateji məqsəd: Ərəb milyardları Gürcüstana gəlir – Azərbaycan üçün iqtisadi perspektiv..?backend

Strateji məqsəd?: Ərəb milyardları Gürcüstana gəlir – Azərbaycan üçün iqtisadi perspektiv..?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyaca məşhur Ehale Hills ərəb tikinti şirkətinin Gürcüstana 6.6 milyard dollar sərmayə qoyması ilk baxışdan diqqət çəkən rəqəmdir və bu investisiyanın arxasında bir neçə strateji məqsəd dayanır”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli NOCOMMNENT.az-a açıqlamasında səsləndirib.

Akif Nəsirli

O, bildirib ki, əsas istiqamət daşınmaz əmlak, turizm və böyük şəhərsalma layihələridir:

“Gürcüstan hökumətinin təqdim etdiyi investisiya mühiti, əlverişli şərtlər və geniş inkişaf zonaları ərəb şirkətləri üçün cəlbedici görünür.

Xüsusilə Batumi-Gonio sahil xətti və Tbilisidə nəzərdə tutulan çoxfunksiyalı məhəllələr ərəb şirkətlərinin klassik “resort, yaşayış və kommersiya” modelinə uyğundur”.

Onun sözlərinə görə, turizm bu sərmayələrin mühüm tərkib hissəsidir:

“Marina, otellər, istirahət kompleksləri kimi layihələr Gürcüstanın Qara dəniz sahillərini daha elit turizm məkanı kimi yenidən formalaşdırmağa hesablanıb.

Akif Nəsirli vurğulayıb ki, bu investisiya yalnız turizmlə məhdudlaşmır:

“Layihələrdə geniş infrastruktur işləri – yol, kommunikasiya, nəqliyyat və ictimai sahələrin yenilənməsi də nəzərdə tutulur. Bu, ölkənin şəhərsalma və iqtisadi göstəricilərinə uzunmüddətli müsbət təsir edir”.

Ekspert qeyd edir ki, bu kimi iri sərmayələr ərəb şirkətlərinə regionda möhkəmlənmək imkanı yaradır:

“Gürcüstana daxil olmaq, onların Cənubi Qafqaz bazarını daha yaxından öyrənməsinə şərait yaradır və növbəti addım kimi Azərbaycana marağı artırır. Gürcüstanda uğurlu layihə təcrübəsi qazanmaq şirkətlər üçün riskləri azaltmış olur. Azərbaycanın özündə də turizm, daşınmaz əmlak və iri şəhərsalma layihələrinə ehtiyac olduğu üçün ərəb investorlarının burada aktivləşməsi tamamilə real perspektiv sayılır”.

A.Nəsirli sonda əlavə edir ki, nəticə etibarilə, 6.6 milyard dollarlıq sərmayə yalnız bir ölkəyə yönəlmiş layihə deyil, regionda strateji mövqelərin qurulması, nüfuz və təsir dairəsinin genişləndirilməsi kimi daha geniş bir məqsədə xidmət edir. Bu tendensiya davam edərsə, ərəb investorlarının Azərbaycana girişinin sürətlənməsi böyük ehtimaldır.

Aynurə İsmayıl