Sumqayıt şəhərində Nəsimi adına park ərazisində aparılan tikinti işləri ətrafında narazılıqlar artmaqda davam edir. Sakinlər bildirirlər ki, sözügedən ərazidə həyata keçirilən tikintilər təkcə piyadaların hərəkətini məhdudlaşdırmır, eyni zamanda onların qanuniliyinə dair ciddi suallar doğurur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a şikayət edən sakinlərin sözlərinə görə, park daxilində və ətrafında qurulan hasarlar insanların gündəlik istifadə etdiyi yolları bağlayıb. Onlar bildiriblər ki, əvvəllər rahat şəkildə istifadə etdikləri piyada keçidləri artıq ya tamamilə kəsilib, ya da dar keçidlərə çevrilib. Bu isə xüsusilə yaşlılar və uşaqlar üçün ciddi çətinlik yaradır.
Sakinləri narahat edən əsas məqamlardan biri isə bu tikintilərin hansı əsasla aparılmasıdır. “Bu icazəni kim verir?” sualı ətrafında ciddi narazılıq var. Onların sözlərinə görə, ərazidə aparılan tikinti işləri ilə bağlı heç bir rəsmi məlumat lövhəsi yerləşdirilməyib. Tikintini həyata keçirən şirkət, layihənin təyinatı və icazə sənədləri barədə açıq informasiya yoxdur.
“Əgər bu tikinti qanunidirsə, niyə məlumat gizlədilir? Əgər qanunsuzdursa, niyə qarşısı alınmır?” – deyə sakinlər sual edirlər. Onların fikrincə, bu vəziyyət şəhərdə nəzarət mexanizmlərinin zəif işlədiyini göstərir.
Sakinlər bildiriblər ki, park ərazisi illərdir insanların istirahəti üçün nəzərdə tutulmuş ictimai məkan olub. Lakin son dövrlərdə bu kimi ərazilərin tikinti obyektlərinə çevrilməsi tendensiyası müşahidə olunur. “Ümumiyyətlə Sumqayıtda demək olar ki, hər gün bir obyekt peyda olur. Şəhərdə insanların gəzməyi üçün demək olar ki, yer qalmayıb”, – deyə onlar narazılıqlarını ifadə ediblər.
Onlar həmçinin qeyd edirlər ki, tikinti işləri aparılarkən nə piyadalar üçün alternativ yollar yaradılır, nə də təhlükəsizlik qaydalarına tam əməl olunur. Bu isə şəhər sakinlərinin həm rahatlığına, həm də təhlükəsizliyinə mənfi təsir göstərir.
Sakinlər aidiyyəti qurumlara çağırış edərək məsələnin araşdırılmasını, tikintilərin qanuniliyinə aydınlıq gətirilməsini və ictimai məkanların qorunmasını tələb edirlər. Onların sözlərinə görə, şəhərsalma siyasəti şəffaf olmalı, vətəndaşların hüquqları və maraqları prioritet kimi nəzərə alınmalıdır.
Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, hələlik məsələ ilə bağlı detallar dəqiqləşdirlir. Bütün dəqiqləşmələrdən sonra mediaya məlumat veriləcək.

Tunar,
NOCOMMENT.az









