Surət Hüseynov Əliheydər Qarayev kimi xəyanətkar olub – Elçibəyin köməkçisibackend

Surət Hüseynov Əliheydər Qarayev kimi xəyanətkar olub – Elçibəyin köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Surət Hüseynov Rusiyanın maşası və kuklası idi”.

NOCOMMENT.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib.

O, ötən gün dünyasını dəyişən sabiq baş nazir Surət Hüseynovun Azərbaycan tarixində qara ləkə kimi qalacağını bildirib:

“Onun fəaliyyəti Azərbaycan dövlətinə ağır zərbələr vurmaqdan ibarət olub. Dövlət çevrilişinə, növbəti dəfə qiyama cəhd etmiş şəxsdir. Onun məhz çevriliş və qiyam cəhdləri Azərbaycanın dövlət kimi inkişafına və formalaşmasına ciddi zərər vurub. Surət Hüseynov Azərbaycanda Rusiyanın maşası və kuklası kimi fəaliyyət göstərib. Moskvadan gələn təlimatlar əsasında hərəkət edib. Təsadüfi deyil ki, 1993-cü ilin iyun qiyamında Rusiya tərəfindən yönləndirilən Surət Hüseynov eyni hərəkətləri 1994-cü ilin oktyabr ayında davam etdirməyə çalışıb”.

O.Qasımov Surət Hüseynovun vətənə xəyanətdə ittiham edilmiş bir şəxs kimi xatırlanacağını vurğulayıb.

“O, 1994-cü ildə bağlanan beynəlxalq neft müqavilələrinə qarşı çıxıb. Bunun əleyhinə olduğunu deyib. Surət Hüseynovun düşüncəsi və idrakı bu məsələləri həll edəcək səviyyədə olmadığına görə, Rusiya tərəfindən verilmiş tapşırıqlar və tezislər əsasında çıxışlar edib. O baxımdan Surət Hüseynov Azərbaycan tarixində dövlətin varlığına qarşı çıxış etmiş, təxminən 1920-ci ildə bolşevikləri ölkəyə dəvət edib, onların  qarşısında gələrək müstəqil Azərbaycan Xalq Cümhuriyyətini devirən şəxslərlə, Əliheydər Qarayev kimi şəxslərlə bir sırada duracaq adamdır. Surət Hüseynov vətənə xəyanətdə ittiham olunan şəxs kimi yaddaşlarda qalacaq”, – deyə 1990-cı illərin hadisələrinə şahidlik edən Oqtay Qasımov söyləyib.

Xatırladaq ki, Surət Hüseynov 1993-cü il iyunun 4-ü və 1994-cü ilin oktyabrın 2-də olmaqla, iki dəfə dövlət çevrilişinə cəhd edib. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verib. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Bakıya gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

64 yaşlı sabiq baş nazir ötən gün Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.