Talıbovun dövründə Naxçıvanda heyvanların sayı da şişirdilib – Məqsəd nə olub?backend

Talıbovun dövründə Naxçıvanda heyvanların sayı da şişirdilib – Məqsəd nə olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə yerli mətbuatda Naxçıvan Muxtar Respublikası üzrə qeydə alınan bir sıra statistik göstəricilərin əvvəlki illərlə müqayisəli təhlilini əks etdirən məlumatlar yayılıb. Həmin statistik məlumatların müqayisəsi zamanı bir sıra maraqlı və ilk baxışda bir qədər qeyri-adi görünən faktlar ortaya çıxıb.

NOCOMMENT.az azpolitika-ya istinadən xəbər verir ki, məlum olub ki, 2022-2023, eləcə də 2023-2024-cü illər üzrə 1 illik periodu əhatə edən statistik göstəricələr arasında kəskin fərqlər var. Maraqlı məqamlardan biri odur ki, bu müddət ərzində Naxçıvanda özəl sektorda çalışan muzdlu işçilərin sayı 3 dəfədən çox aşağı düşüb.

Belə ki, 2022-ci ildə MR-də özəl sektorda 72,6 min muzdlu işçi çalışıbsa, 2023-cü ildə bu rəqəm 23,2 min nəfərə düşüb. MR-də investisiyaların həcmi isə 5,9 dəfə kiçilib. Bu göstərici 995 min 958 manatdan, 167 min 467 manata düşüb. Ən çox azalma isə tikinti sektorunda qeydə alınıb. Belə ki, tikinti işlərinin dəyəri 2022-ci illə müqayisədə 2023-cü ildə 9,2 dəfə azalıb.

Bundan əlavə, Muxtar Respublikada kənd təsərrüfatı üzrə də bir sıra statistik məlumatların həddən artıq şişirdildiyi ortaya çıxıb. Məsələn, Babək rayonunda yumurtlayan toyuqların sayı 2023-cü ildə 28 min baş olubsa, 2024-cü ildə bu göstərici 100% azalıb və 0-a düşüb. Şahbuz rayonunda sözügedən azalma 4,6 faiz olub və yumurtlayan toyuqların sayı 33 min başdan 8 min başa düşüb.

Ən maraqlı azalmalardan biri isə eşşəklərin sayında qeydə alınıb. 1 yanvar 2023-cü ildə MR-də ümumilikdə 4625 baş eşşək olubsa, 1 yanvar 2024-cü ildə bu say 1005-ə düşüb. Yəni bir il ərzində eşşəklərin sayı 4,6 dəfə azalıb.

Naxçıvanda inək və camışların, həmçinin qoyunların sayında isə 2 dəfə azalma baş verib. Yuxarıda qeyd olunan sosial iqtisadi göstəricilərdən fərqli olaraq Naxçıvan Muxtar Respublikasında qeydə alınan cinayətlərin sayı kəskin şəkildə artıb. 2022-ci ildə MR-də 87 cinayət hadisəsi qeydə alınıbsa, 2023-cü ildə bu göstərici 6,6 dəfə artıb və 575-ə çatıb.

Xatırladaq ki, açıqlanan statistik rəqəmlər Vasif Talıbovun MR-dəki 27 illik “hakimiyyətinin” başa çatdığı (21 dekabr 2022-ci il-red.) il ilə növbətin illərin müqayisəsi zamanı ortaya çıxıb. Açıqlanan statistikadan da məlum olur ki, Talıbovun dövründə hər şeyin baş-ayaq olduğu Naxçıvanda iqtisadi göstəricilər də həddən artıq şişirdilib, sanki bu yolla MR-dəki acınacaqlı vəziyyət gizlədilməyə çalışılıb. Hər yalanın 40 gün ömrü olduğu kimi, bu göstəricilərin də illər sonra tamamilə yalan və saxta məlumatlardan ibarət, boş rəqəm yığınından başqa bir şey olmadığı ortaya çıxıb.

Bəs maraqlıdır, statistikanın saxtalaşdırılmasında məqsəd nə olub?

Məsələn, eşşəklərin və ya digər heyvanların sayı niyə real göstəricilərin əksinə, dəfələrlə artıq formada təqdim olunub?

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Muxtar Respublika əhalisinin sayı 463 min nəfərdir. Ancaq uzun illər MR-dəki özbaşınalıqlar, anormal qayda-qanunlar, ağlasığmaz qadağalar, monopoliya və buna bənzər digər səbəblərə görə, bölgədə dözülməz bir şərait yaranıb. Nəticədə əhali sürətlə bölgəni tərk edib və beləcə Naxçıvan “boş” bir adaya çevrilib. Faktiki olaraq bu gün Naxçıvanda yaşayanların sayı rəsmi rəqəmlərdə göstərilənlərdən iki dəfə azdır. Bir çox mütəxəssislər bu gün Naxçıvanda təxminən 200 min nəfərə yaxın insan yaşadığını bildirir.

V. Talıbovun Naxçıvanda yaratdığı bu rejimin fəsadlarını gizlətmək üçün əhali sayı rəsmi statistikada hər zaman yüksək göstərilib. Digər tərəfdən, bürokratik əngəllərlə, qeyri-rəsmi qadağalarla fərqli bölgələrdə yaşayan on minlərlə insanın Naxçıvanda daimi qeydiyyatdan çıxmasının qarşısı alınıb.

Bütün bu faktları nəzərə alsaq, yuxarıdakı sualın yeganə məntiqli izahı odur ki, Naxçıvanda bütün statistik göstəricilər bir növ MR əhalisinin rəsmi sayına uyğunlaşdırılıb. Yəni rəsmi statistikada əgər MR əhalisi 463 min nəfər göstərilirsə, deməli, digər bütün göstəricilər də bu say əsasında formalaşmalı, arada nəzərə çarpacaq kəskin fərqlər olmamalıdır. Başqa sözlə, 2022-ci illə müqayisədə dəfələrlə aşağı düşən saxta statistik məlumatlar sadəcə əsas diqqəti MR-də real əhalinin sayının guya yüksək olmasına yönəltməyə hesablanıb.

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, ilk öncə burada təqdim olunan statistik rəqəmlərin dəqiqliyinə baxmaq lazımdır:

“Kimsə statistik rəqəmlərlə oynayıb, suni inkişaf yarada bilər. Amma təqdim olunan yeni statistikanın da dəqiqliyini yoxlamaq lazımdır. Əlbəttə, təqdim olunan statistik göstəricilər arasında kəskin fərqlərin olması çoxlu suallar doğurur. Məsələn, heynvanlarla bağlı statistik məlumatların azaldığını görürük. Maraqlıdır, Talıbov vəzifədən gedərkən mal-qaranıdamı özü ilə apardı?

Burada bir məqama diqqət etmək lazımdır ki, Naxçıvandakı iş yerlərinin çoxu Vasif Talıbovun holdinqlərinə məxsus idi. Yəni bu holdinqlərlə bağlı iş yerləri idi. Naxçıvanda demək olar ki, normal sahibkar qalmamışdı, hamısı bölgəni tərk etmişdi. Talıbovun öz ətrafı və öz qrupuna daxil şərkətlər də sonradan bağlanıb, təhvil verildi. Əslində indi məlum olur ki, buradakı iş yerlərinin əksəriyyəti layihə əsaslı imiş, yəni daimi iş yerləri olmayıb. Ümumən isə deyə bilərik ki, Naxçıvanda hazırda xərcləmələr xeyli azalıb və iqtisadi aktivlikdə ciddi problemlər yaranıb”.