İnformasiya texnologiyasının inkişaf etdiyi bir vaxtda cəmiyyətin deqradasiyaya uğramasının bir göstəricisi də dəyərlərin yoxa çıxmasıdır. Bunun bariz nümunəsi toplumda qeyri-normativ danışığın abırsızcasına meydana şığımasıdır.
Vaxtilə ölkəmizdə qadının yanında yüngül söyüş söylənildində dava düşə bilərdi. Ona görə bütün kişilər qadınlar olan məclisdə özlərini yığışdırar, sözlərini diqqətlə seçərdilər.
Güman etmək olardı ki, müstəqillik qazandıqdan sonra dünyaya müxtəlif yollarla (səyahətlə, təhsil almaqla, televiziya, sosial şəbəkə vasitəsilə) inteqrasiya edən vətəndaşlarımız mədəniyyətimizi müultikultural dəyərlərlə daha da zənginləşdirəcəklər. Amma əksinə oldu. Hazırda gənc qadınlarımız kişilərlə yanaşı söyüş yarışına girişiblər. Buna küçədə gedərkən qəfildən qarşına çıxan olaylar zamanı və ya sosial şəbəkəni izləyərkən önünə gələn iyrənc kommentləri oxuyarkən istər-istəməz şahid olursan. Televiziyadakı xəcalətli ailə dramlarının və qurşaqdan aşağı “yumor”ların rəzilliyindən hələ danışmırıq.

Tanınmış kino aktyoru, rejissor, bədii qiraətçi Kamran Yunis bu yolverilməz davranışın aradan qaldırılması üçün çarəni əxlaq polisinin yaradılmasında görür.
NOCOMMENT.az xəbər verir ki, aktyor bunu “Youtube”dakı “Miras” kanalına müsahibəsində deyib.
“Mən əlaqədar orqanlara müraciət edirəm, lütfən əxlaq polisi yaradaq. İndiki Azərbaycan mühitində çox yaxşı gəlirli sahə olacaq. Orada yaxşı pullar var. Bir söyüş söyənə 100, 200 300 manat cərimə. Sosial şəbəkələrdə rahatlıqla statusların altında söyüş yazan insanlar var. Əxlaqsız sözləri yazan insanı tapmaq Azərbaycan dövlətinin, hökumətinin əlində iki saniyəlik bir şeydir. Bunu tapsınlar və cərimə etsinlər. Çünki bunun yazdığı təhqiri anası da, bacısı da, bütün sevdikləri oxuyur. Amma mənim günahım nədir ki, mənim əzizlərim də bu söyüşü oxumaq məcburiyyətindədirlər”.
Aktyorun sözlərinə görə, belə şəxslər cəza almalıdır: “Çünki mənim evimə girir. Mənim balamın nə günahı var ki, bu söyüşü buradan oxumalıdır. Bir sənətçi pis ola bilər, zay ola bilər. Mən deyirəm ki, bu, çox qeyri-peşəkar müğənnidir, pozğundur, bəyənmirəm. Amma bunu durub ən iyrənc söyüşlərlə söyməyə kim sənə haqq verir, ey Azərbaycan millətinin hansısa nümayəndəsi? Buna heç kimin haqqı yoxdur”.
Xatirə SADİQ









