Bu il bazarlarda alça qıtlığı gözləntisi real səbəblərə əsaslanır və artıq fermerlər tərəfindən də təsdiqlənir.
2026 mövsümündə bir çox bölgədə məhsuldarlıq kəskin azalıb. Əvvəlki illərdə bir ağacdan təxminən 50 kq məhsul götürülürdüsə, bu il bəzi bağlarda bu göstərici 2-3 kq-a düşüb, hətta ümumiyyətlə məhsul olmayan ağaclar var. Üstəlik, bəzi meyvələr keyfiyyətsiz olduğu üçün bazara çıxarılmır.
NOCOMMENT.az xəbər verir ki, fermer İlqar Süleymanov Milli.Az-a bildirib ki, qıtlığın əsas səbəbi əlverişsiz hava şəraitidir.
“Erkən istiləşmə ağacların tez çiçəkləməsinə səbəb olub, sonrakı yağış və dolu isə çiçəklərə zərər verərək tozlanmanı pozub. Arı aktivliyinin azalması mayalanmanı zəiflədib, yüksək rütubət isə xəstəliklərin yayılmasına və meyvələrin çürüməsinə gətirib çıxarıb. Dolu da əlavə olaraq meyvələri zədələyərək həm miqdarı, həm də keyfiyyəti azaldıb”.
Fermer bildirib ki, nəticədə bazarda alçanın təklifi kəskin aşağı düşüb ki, bu da həm qıtlıq, həm də qiymətlərin yüksəldir.
“Bu il bazarlarda alça qıtlığı qiymətlərə birbaşa təsir edir. Ötən illə müqayisədə kiloqramında ən az 2-3 manat fərq edir.Mövsüm irəliləsə də qiymətlərin ciddi enməsi gözlənilmir. Əvvəlki illərdə 2-3 manata düşən qiymətlər bu il çox güman 4-6 manat civarında qalacaq. Bunun əsas səbəbi məhsulun azlığı və keyfiyyətli alçanın çatışmazlığıdır.Ümumilikdə, bu il alça həm az olacaq, həm də ötən illərlə müqayisədə daha baha satılacaq”, – deyə o qeyd edib.









