TƏCİLİ! Bu ölkələrlə də quru sərhəd açıla bilər - Tarix

TƏCİLİ! Bu ölkələrlə də quru sərhəd açıla bilər - Tarix

Azərbaycanın Gürcüstanla 6 ildən artıq davam edən fasilədən sonra mayın 26-dan etibarən sərnişin qatarlarının hərəkətini bərpa etmək qərarı quru sərhədlərinin mərhələli şəkildə açılması istiqamətində mühüm bir siqnal kimi dəyərləndirilir. Tiflis və Bakı arasında dəmir yolu əlaqəsinin yenidən qurulması cəmiyyətdə böyük ümidlər yaratsa da, eyni addımın digər qonşu ölkələrlə, xüsusilə İranla atılıb-atılmayacağı hələ də ciddi müzakirə mövzusudur. İran istiqamətində quru və dəmir yolu infrastrukturu mövcud olsa da, Tehranla sərhədlərin açılmamasının arxasında həm epidemioloji dövrdən qalan, həm də regional geosiyasi gərginliklərdən, təhlükəsizlik risklərindən qaynaqlanan daha dərin və fərqli səbəblər dayanır. Gürcüstanla münasibətlər strateji tərəfdaşlıq və qarşılıqlı etimad üzərində qurulduğu üçün ilk qismən açılma bu istiqamətdə baş tutdu, lakin cənub qonşumuzla münasibətlərdəki dalğalanmalar və təhlükəsizlik prioritetləri hələ ki sərnişin daşımalarının bərpasına imkan vermir. Bununla belə, Gürcüstan istiqamətində buzların əriməsi digər qonşularla da quru sərhədlərinin taleyinin yaxın gələcəkdə müsbət qərarlarla nəticələnə biləcəyi gözləntisini artırıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərçi Elçin Xalidbəyli bildirib ki, Gürcüstanla dəmir yolu əlaqəsinin bərpa olunması çoxdan gözlənilən pozitiv addımdır və bunu ümumi quru sərhədlərinin açılmasının ilkin mərhələsi kimi dəyərləndirmək olar: "Gürcüstanla dəmir yollarının açılması doğrudan da çox xoş və mühüm bir xəbərdir. Biz bunu quru sərhədlərinin tamamilə açılması istiqamətində atılmış ilk və ciddi addım hesab edirik. Sosial əlaqələrin uzun illər ərzində çox ciddi problemlərlə qarşılaşdığını nəzərə alsaq, həm iqtisadi, həm də regional tərəfdaşlıq baxımından bu qərar olduqca əhəmiyyətlidir. Faktiki olaraq Gürcüstan Azərbaycanın iqtisadi davamı, bizim dünyaya açılan əsas qapımızdır. Digər qonşu ölkələrə, məsələn, İrana gəldikdə isə orada vəziyyət bir qədər fərqlidir. Çünki hər bir istiqamətin özünəməxsus siyasi rəngi, regional təhlükəsizlik şərtləri və diplomatik münasibətlər fonu var. Rəsmi Bakı sərhəd siyasətində hər zaman milli təhlükəsizlik prioritetlərini ön plana çəkir və Gürcüstan istiqamətində risklərin minimal olması bu qərarı sürətləndirdi".

Onun sözlərinə görə, Gürcüstanla başlayan bu müsbət tendensiya zəncirvari reaksiya yaradaraq ilin sonuna qədər digər istiqamətlərdə də dəyişikliklərə yol aça bilər: "Çox güman ki, bu proses davam edəcək və bu ilin sonuna qədər bütün ölkələrlə quru sərhədlərinin mərhələli şəkildə açılması reallaşacaq. Bu, ölkəmizin beynəlxalq imici, xarici investisiyaların cəlb olunması, daxili iqtisadiyyatın canlanması və xüsusilə turizm sektorunun yenidən dirçəlməsi üçün müsbət təsir göstərəcək. Azərbaycan coğrafi mövqeyinə görə təkcə yüklərin deyil, həm də turistlərin mühüm tranzit mərkəzinə çevrilmək potensialına malikdir. Gürcüstanla açılan dəmir yolu bu potensialın ilk qaranquşudur və ümid edirik ki, yaxın zamanlarda təhlükəsizlik mexanizmləri tam tənzimləndikdən sonra digər qonşularla, o cümlədən İran istiqamətində də gediş-gəlişin bərpası iqtisadi zərurət kimi gündəmə gələcək".