İsrail və Livan arasında elan edilən 10 günlük tarixi atəşkəsin qüvvəyə minməsinə saatlar qalmış bölgədə gərginlik kulminasiya nöqtəsinə çatıb. İsrail Müdafiə Ordusu (ÇAXAL) hərbi əməliyyatların rəsmi dayandırılmasından cəmi bir gün əvvəl Livanın cənubunda “Hizbullah” qruplaşmasına qarşı son illərin ən sarsıdıcı zərbələrindən birini endirdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin Livanın müxtəlif bölgələrinə, xüsusilə strateji əhəmiyyətli Bint-Cubeyl rayonuna təşkil etdiyi hava hücumları nəticəsində 150-dən çox “Hizbullah” döyüşçüsü zərərsizləşdirilib. Genişmiqyaslı əməliyyat zamanı qruplaşmanın bir neçə yüksək rütbəli komandiri də məhv edilib. Onların arasında ən diqqətçəkən sima Bint-Cubeyl rayonunun komandiri Əli Rza Abbasdır. Maraqlıdır ki, o, son bir neçə il ərzində İsrail ordusu tərəfindən həmin sektor üzrə məhv edilən dördüncü komandirdir.
Atəşkəs ərəfəsində həyata keçirilən əməliyyatların miqyası kifayət qədər geniş olub. İsrail ordusu Livan ərazisində “Hizbullah”a məxsus 300-ə yaxın hərbi obyekti, o cümlədən raket buraxılış qurğularını, komanda mərkəzlərini və silah anbarlarını hədəf alıb. ÇAXAL-ın rəsmi məlumatlarına görə, Livan cəbhəsində hərbi eskalasiya başlayandan bəri “Hizbullah”ın ümumilikdə 1800-dən çox üzvü öldürülüb. Atəşkəs ərəfəsindəki bu son zərbələr İsrailin bölgədəki hərbi üstünlüyünü möhkəmləndirmək və gələcək təhlükələri minimuma endirmək məqsədi daşıyır.
Sara
NOCOMMENT.az









