Tədrisin sentyabrın 15-i yox, 22-i başlaması sual yaradır – Ekspertbackend

Tədrisin sentyabrın 15-i yox, 22-i başlaması sual yaradır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün brifinqdə qəbul edilən qərara əsasən Azərbaycan ənənəvi təhsilə qayıdır.

Sentyabrın 22-də ibtidai, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində əyani dərslərin tədrisinə başlanılacaq.

NOCOMMENT.az xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Yenisabah.az-a açıqlamasında qəbul edilən qərarla intizara son qoyulduğunu deyib:

“İntizara son qoyuldu. Çoxlarını maraqlandıran suallara aydınlıq gətirildi. Böyük çoxluğun arzu və istəyinə uyğun olaraq tədrisin ənənəvi formada başlanmasına qərar verildi. Bu çoxlarının arzusu idi. Bu qərarla insanlara sevinc bəxş olundu. Hamının dərd-səri bu idi”.

Ekspertin fikrincə, təhsil və təhlükəsizlik vəhdət təşkil etməlidir:

“Tədrisin sentyabrın 15-i yox, 22-i başlaması sual yaradır. Bu mərhələli keçidlə bağlı olan bir məsələdir. Tədrisin 1-2 həftə geriyə çəkilməsi müddət baxımından elə də bir mahiyyət daşımır. Bu gecikmə prosesi izləmə və müvafiq tədbirlər üçündür.

Təhsil və təhlükəsizlik vəhdət təşkil etməli, paralel aparılmalıdır. Təhsilin ənənəvi olması bizim şərtlərə, normalara, qaydalara əməl etməyimizdən asılıdır. Bu qərar kiminsə, subyektiv və ya obyektiv fikri deyil. Ümumi qərardır”.

N.İsrafilovun sözlərinə görə, bu gün qəbul olunan qərar o demək deyil ki, biz elə əyani təhsillə gedəcəyik:

“Bu o demək deyil ki, axıra qədər belə də olacaq. Əgər hansı bir məktəbdə, sinifdə müəyyən yoluxma halı baş verərsə, qapanma ola bilər.

22 və 29 sentyabra qədər yoluxmanın artmasını və tədris müəssisələrinin açılmamasını güman etmirəm. Birdən-birə belə artımı düşünmürəm. Amma bilmək olmaz. Bu bizim iradəmizdən asılı olan bir şey deyil. Lakin hesab etmirəm ki, 1 həftə ərzində anidən artım olsun”.