Tehranın Zəngəzur dəhlizi sancısı – NATO QORXUSU və…backend

Tehranın Zəngəzur dəhlizi sancısı – NATO QORXUSU və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran yenidən “Tramp marşrutu” adlandırılan layihəyə qarşı sərt ritorikaya keçib. Bir gün əvvəl İran İslam Respublikasının ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistanın səfiri Qriqor Akopyanı qəbul edib və Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı planları barədə İranın mövqeyini son dərəcə sərt formada açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Vilayətinin sözlərinə görə, “Trampın Qafqazla bağlı adlandırılan planı Zəngəzur dəhlizindən heç nə ilə fərqlənmir və İran buna qəti şəkildə qarşıdır”.

O vurğulayıb ki, bu marşrut İranın şimalında NATO-nun mövcudluğu üçün şərait yaradır və həm İslam Respublikasının şimal bölgələrinin, həm də Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir. Onun fikrincə, söhbət eyni layihədən gedir, sadəcə başqa ad altında yenidən qablaşdırılıb və indi ABŞ şirkətlərinin Ermənistana gəlişi vasitəsilə həyata keçirilir.

Vilayətinin sözlərinə görə, “Trampın Qafqazla bağlı adlandırılan planı Zəngəzur dəhlizindən heç nə ilə fərqlənmir və İran buna qəti şəkildə qarşıdır”.

O zaman ortaya önəmli bir sual çıxır: İranın “Tramp marşrutu”nu Zəngəzur dəhlizi ilə eyniləşdirərək, bunu NATO-nun Cənubi Qafqaza giriş cəhdi və İranla Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid kimi təqdim etməsi real təhlükəsizlik riski əsasında qurulub, yoxsa bu, regionda dəyişən geosiyasi reallıqları dayandırmaq üçün səsləndirilən sərt siyasi təzyiq və qorxutma ritorikasıdır?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Elçin Xalidbəyli qeyd edib ki, təbii ki, İran Zəngəzur dəhlizinin necə adlandırılmasından asılı olmayaraq, onun reallaşmasından ciddi şəkildə narahatdır

“Hələ 8 avqust tarixində Vaşinqtonda üçtərəfli anlaşma imzalanmazdan əvvəl rəsmi Tehran bu layihənin həyata keçirilməsinə açıq şəkildə müqavimət göstərir, müxtəlif “qırmızı xətlər”dən danışaraq Zəngəzur dəhlizinin açılmasının mümkün olmadığını bəyan edirdi.

Lakin 8 avqustda Vaşinqtonda üçtərəfli razılaşmanın əldə olunmasından sonra situasiya köklü şəkildə dəyişib.

Artıq Tehranda anlayırlar ki, “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizi İran üçün həm geosiyasi, həm geostrateji, həm də geoiqtisadi baxımdan ciddi problemlər yarada bilər. Xüsusilə ABŞ-ın 99 il müddətinə Ermənistanda yerləşməsi perspektivi İran üçün son dərəcə həssas və təhlükəli hesab olunur.

Məhz bu səbəbdən rəsmi Tehran hazırda layihəyə qarşı açıq və sərt etiraz mövqeyi nümayiş etdirir.

İran ABŞ-nin Ermənistan–İran sərhəd bölgəsində mövcudluğunu birbaşa milli təhlükəsizlik problemi kimi qiymətləndirir. Üstəlik hesab edir ki, əgər ABŞ həmin əraziyə daxil olarsa, NATO-nun Cənubi Qafqaza gəlmə ehtimalı maksimum həddə çatacaq. Bu isə həm İran, həm də Rusiya üçün son dərəcə ciddi təhdid kimi dəyərləndirilir. Hər iki ölkə NATO-nun cənub istiqamətindən regiona daxil olmasını öz təhlükəsizliklərinə birbaşa risk hesab edir”.

Xalidbəylinin sözlərinə görə, ABŞ Cənubi Qafqazda möhkəmləndiyi halda nə Rusiya, nə də İran bu regiona əvvəlki kimi təsir göstərmək imkanlarını saxlaya biləcəklər:

“Ən əsası isə Cənubi Qafqaz faktiki olaraq Qərbin – ABŞ timsalında – nəzarəti altına keçmiş olacaq. Nəticədə Rusiya və İran üçün bu regionun qapıları böyük ölçüdə bağlanacaq ki, Tehran bununla barışmaq niyyətində deyil.

Məhz buna görə də İran Rusiya ilə paralel şəkildə ortaq mövqedən çıxış edərək “Tramp marşrutu”nun açılmasına qarşı müqavimət göstərməyə çalışır. Lakin son proseslər göstərir ki, nə İranın, nə də Rusiyanın bu layihəni əngəlləmək üçün kifayət qədər geosiyasi resursları mövcuddur’.

Ekspert bildirib ki, hazırkı mərhələdə həm Rusiya, həm də İran üçün yeganə real variant Paşinyan hakimiyyətinin dəyişdirilməsi və Rusiyanın agentura şəbəkəsinə daxil olan siyasi qüvvələrin Ermənistanda hakimiyyətə gətirilməsidir.

Onların hesablamalarına görə, yalnız bu halda “Tramp marşrutu”nun qarşısını almaq mümkün ola bilər”.

Paşinyan hakimiyyəti isə bu təhlükəni aydın şəkildə görür və artıq Avropa Birliyinə Ermənistandakı seçkilərə kənar müdaxilə cəhdlərinin qarşısının alınması üçün rəsmi müraciət edib

Avropa Birliyi də bu müraciətə müsbət yanaşmağa meyillidir”.

“Xatırladaq ki, Avropa Birliyi bundan əvvəl Moldovada analoji müdaxilə cəhdləri ilə bağlı rəsmi Kişinyovun müraciətini qəbul etmiş və nəticədə Rusiyanın Moldovada hakimiyyət dəyişikliyi planları iflasa uğramışdı.

Böyük ehtimalla Paşinyan hakimiyyətinin Avropa Birliyinə müraciətindən sonra Ermənistandakı seçkilər Qərb tərəfindən nəzarətə götürülə bilər.

Bu halda Rusiyanın və İranın seçkilərə müdaxilə cəhdləri bu dəfə də uğursuzluqla nəticələnə bilər. Əgər bu ssenari reallaşarsa, həm Rusiyanın, həm də İranın “Tramp marşrutu”nun qarşısını almaq imkanları faktiki olaraq sıfıra enəcək və bununla da Cənubi Qafqazda onların təsir mexanizmləri böyük ölçüdə əhəmiyyətini itirəcək”.