KoronaVirus İnformasiya Portalı
Təhsil müəssisələrində Konstitusiyaya zidd HİCAB QADAĞASI – Qanun vətəndaşın tərəfindədirbackend

Təhsil müəssisələrində Konstitusiyaya zidd HİCAB QADAĞASI – Qanun vətəndaşın tərəfindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni dərs ilinin başlanması ilə çoxlarını maraqlandıran suallardan biri də təhsil müəssələrində hicablı şagirdlərə, müəllimlərə rəhbərlik tərəfindən təzyiqlərin olması iddiasıdır.

Hicablı şagirdlər və ya müəllimlərə təhsil müəssəsinə daxil olmaqda hər hansısa bir məhdudiyyəti varmı?
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sonxeber.az-a açıqlama verib.

“Məktəbin nümunəvi əsasnaməsi var dərs mühitində, tədris prossesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır. Burada məktəbdaxili mühit və tədris prossesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedoqoji heyətinin məktəb pedaqoji şurasının qərarı ilə təsdiq olunan geyim forması var. Daha çox məktəb geyimi bu formalara uyğun olaraq tənzimlənir. Hər şey məktəbin daxili nizamnaməsinə uyğun olaraq məktəbdaxili mühitə hesablanmalıdır və o əsasda olamlıdır”.

NOCOMMENT.az redaksiyası olaraq bu məsələ ilə bağlı kiçik bir araşdırma edərək oxuculara təqdim etmək qərarına gəldik:

Bu gün Azərbaycan bütün dünya ölkələrinə bir çox millətlərin və dini konvensiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafı mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradır.

Məlumdur ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının (AR) Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Bunun üçün AR Konstitusiyasının 48-ci maddəsinin 2-ci bəndinə nəzər salmaq kifayətdir.

Burada çox sadə şəkildə bildirilir: “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.

Ölkəmizdə əhalisinin 95%-ni təşkil edən müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə Allah qadınlara başlarını bağlamağı buyurur. Bu səbəbdən də İslam dinini qəbul edən qadın bu dinin müqəddəs kitabında yazılanlara əməl etməyə çalışır və bu seçimdə də azaddır. Dini inancına görə başını bağlayan qadınlara baş örtüklərini açmağı məsləhət görmək və ya bu istiqamətdə onlara hər hansı bir yolla təsir etmək onların Konstitusion huquqlarının pozulması deməkdir.

Azərbaycanda yaşayan bütün insanların hüquq və azadlıqlarına Azərbaycan Respublikası Konstitusiyası tam təminat verir. Bunun üçün Konstitusiyaya nəzər salmaq kifayətdir.

1. Dövlət dinindən, . . . əqidəsindən . . . asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını dini, əqidə, . . . mənsubiyyətinə görə məhdudlaşdırmaq qadagandır.
(AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 25, bənd 3)

2. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. (AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 47, bənd 2)

3. Heç bir halda heç kəs din, . . . və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. (AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 71, bənd 4)

4. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. (AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 71, bənd 5)

5. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. (AR Konstitusiyası, 1-ci Bölmə, 2-ci fəsil, maddə 12, bənd 1)

Görəsən Konstitusiyanın 71-ci maddəsinin 4-cü bəndində deyilən “Heç bir halda heç kəs din və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz” cümləsini niyə bizim bəzi məmurlar unudurlar.

Burada işlədilən “heç bir halda” ifadəsinə niyə fikir vermirlər. Bəlkə də bir-çox məmurların Konstitusiyanın bu bəndindən heç xəbərləri belə yoxdur. Bəlkə də onlar Konstitusiyanın maddələrini özlərinə sərf edən kimi başa düşüb təfsir edirlər. Bu hal isə elə bu qanunverici kitabın 71-ci maddəsinin 5-ci bəndi ilə qadağan edilir:

“Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.” (AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 71, bənd 5)

Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun 5.2 maddəsinə əsasən də, kimliyindən, əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmalı və ayrı seçkiliyə yol verilməməlidir.

Elə həmin Təhsil qanununun 32-ci maddəsinə görə, təhsil alanların ləyaqətini, şərəfini alçaldan və hüquqlarına zidd olan hərəkətlərdən müdafiə olunmaq hüququ vardır…

“Dini etiqad azadlığı” haqqında Qanunda qeyd olunub: “Valideyinlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyyə edə bilərlər.”

Orta təhsil və ya ali təhsil müəssisələrində dərslərə hicabla gəlmə qadağası həmin insanların hüquqlarının pozulması deyilmi? Bu həmin qız uşaqlarının hüquqlarının pozulması, stress keçirməsi və cəmiyyətdə özlərini müdafiəsiz hiss etmələrinə gətirib çıxarmırmı?

Təhsil Nazirliyinin rəsmisinin qeyd etdiyi kimi bu məsələlər hər bir məktəbin daxili Nizamnaməsi və məktəbin pedoqoji heyətinin məktəb pedaqoji şurasının qərarı ilə təmin olunursa, burada qəbul olunan qərarlar ölkənin ali qanun bazası olan Konstitusiyanın maddələrini və bəndlərini vurmalı deyil, təsdiqləməli və ona uyğunlaşdırılmalıdır.

Hicab taxan məktəbli, tələbə və ya müəllimə məktəbin tələb olunan ümumi geyim formasından kənara çıxmır. Məktəbin və ya ali təhsil müəssisəsinin geyim formasında isə baş örtüyü və ya hər hansı bir digər baş geyimi ilə bağlı qadağa göstərilməyib. Hətta göstərilmiş olsa belə, bu ciddi qanun pozuntusu sayılmış olur.

Azərbaycanda yaşayan bütün insanların hüquq və azadlıqlarına AR Konstitusiyası tam təminat verdiyi halda dini inancına görə başını bağlayan qadınlara baş örtüklərini açmağı məsləhət görmək və ya bu istiqamətdə onlara hər hansı bir yolla təsir etmək onların Konstitusion huquqlarının pozulması deməkdir.

“Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.” (AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 71, bənd 5)

Xatırladaq ki, Konstitusiya Azərbaycanda ən yüksək hüquqi qüvvəyə (maddə 147, bənd 1) və birbaşa hüquqi qüvvəyə malikdir (maddə 147, bənd 2).

Eyni zamanda Konstitusiya Azərbaycanın qanunvericilik sisteminin əsasıdır.

Sonda qeyd edək ki, məktəblərdə və ali təhsil müəssisələrində baş örtüsü məsələsi rəsmi səviyyədə qadağan olunmasa da, hər il bu mövzu gündəmə gətirilir və bu kateqoriyadan olan insanların hüquqlarının pozulmasına cəhd edilir. Ümid edirik ki, yeni Təhsil naziri Emin Əmrullayev vətəndaşın Konstitusiyon hüquqlarının müdafiəsi baxımından bu məsələnin birdəfəlik həll olunması istiqamətində müvafiq addımlar atacaq.

NOCOMMENT.az