Təhsil sistemində səmərəliliyin artırılması üçün süni intellektin tətbiqinə başlanılır.
Bu barədə NOCOMMENT.az Elm və Təhsil Nazirliyindən məlumat əldə edib.
Belə ki, təhsil müəssisələri üçün AI əsaslı davamiyyətə və giriş-çıxışa nəzarət platforması hazırlanacaq.
Eyni zamanda şagirdlər üçün adaptiv və fərdiləşdirilmiş öyrənmə, müəllimlər üçün isə avtomatlaşdırılmış qiymətləndirmə və analitika imkanlarını əhatə edən tədris platforması hazırlanaraq tətbiq ediləcək.
Həmçinin layihə çərçivəsində generativ süni intellekt əsaslı tədris köməkçisi platformasının genişləndirilməsi və təkmilləşdirilməsi, çoxdilli dəstəyin təmin edilməsi və model performansının optimallaşdırılması nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi süni intellektin tətbiqi xidmətlərinə 2,5 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.











