Tovuz Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri ilə bağlı daha bir iri məbləğli müqavilə imzalamağa hazırlaşır. Bu dəfə işlərin icrası üçün “Kontur Arxitektura Layihə-Sənaye” QSC tenderin qalibi olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, 667.468,14 manat dəyərində müqavilə yerli xərclər hesabına həyata keçiriləcək. Maraqlıdır ki, bu, şirkətlə Tovuz RİH arasında bağlanan ikinci yol təmiri müqaviləsidir.
Xatırladaq ki, cəmi bir həftə əvvəl – 9 oktyabr 2025-ci il tarixində eyni şirkətlə 586.246 manat dəyərində müqavilə imzalanıb. Həmin təmir işləri isə büdcədənkənar vəsait hesabına maliyyələşdiriləcəkdi.
Beləliklə, son günlərdə “Kontur Arxitektura Layihə-Sənaye” QSC-nin Tovuzda yolların əsaslı təmiri üzrə ümumi dəyəri 1 milyon 253 min manatdan çox olan iki ayrı müqavilə üzrə öhdəlik götürdüyü məlum olur.
Şirkətin təcrübəsi, icra etdiyi digər layihələr və eyni rayon üzrə bu qədər iri həcmdə işə cəlb olunması ictimaiyyət arasında suallar doğura bilər. Hələlik bu müqavilələrin şərtləri və nə dərəcədə şəffaf aparıldığı ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Bildirək ki, “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 322 min manat olan QSC-nin qanuni təmsilçisi Sadıqov Rauf Sahib oğludur.
Qeyd edək ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı hazırda Məmməd Məmmədovdur.