Türkiyədə C-130 tipli təyyarələrin uçuşu dayandırıldıbackend

Türkiyədə C-130 tipli təyyarələrin uçuşu dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Müdafiə Nazirliyi ehtiyat tədbiri olaraq, 12 noyabr 2025-ci il tarixindən etibarən C-130 tipli təyyarələrin uçuşunu dayandırb.

NOCOMMENT.az Türkiyənin “Hürriyət” nəşrinə istinadən xəbər verir ki, bunu nazirlik Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı mətbuatın suallarını cavablandırarkən bildirib.

Nazirliyin məlumatına görə, bütün detallı texniki yoxlamalar tamamlandıqdan sonra həmin təyyarələrin uçuşları bərpa olunacaq.

Qəzaya uğrayan hərbi təyyarəyə gəlincə, bildirilib ki, planlaşdırılmış gövdə, mühərrik və pervane texniki qulluq işləri vaxtında aparılıb. Müəyyən edilib ki, sonuncu texniki qulluq 11 sentyabr – 12 oktyabr 2025-ci il tarixləri arasında aparılıb.

“Köhnə təyyarə yoxdur, sadəcə baxımsız olanlar var. Bu təyyarələrə ölkəmiz tərəfindən müntəzəm texniki qulluq göstərilir. C-130 təyyarələri hazırda 70-dən çox ölkədə aktiv istifadə olunur”, – deyə vurğulanıb.

Məlum olub ki, qəzaya uğramış təyyarə 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb və təmirdən sonra 2014-cü ildə inventara əlavə edilib. O, modernləşdirilib və 2022-ci ildən istifadəyə verilib: “O vaxtdan bəri müntəzəm texniki qulluqla xidmətdədir. Bununla belə, iddiaların əksinə olaraq, bu, istifadəçi ölkə tərəfindən istismardan çıxarılan artıq təyyarə deyil, daha çox yeri dəyişdirilmiş bir təyyarədir. C-130 təyyarələri Səudiyyə Ərəbistanı tərəfindən istifadə olunmağa davam edir”.

Nazirlik qəza ilə eyni vaxtda hansısa helikopterin hadisə yerinə yaxınlaşdığı xəbərini təsdiqləyib: “Təyyarə qəzaya uğradıqdan sonra bölgəyə gedən və onunla əlaqə saxlamağa çalışan gürcü helikopteridir”.

Eyni zamanda bildirilib ki, təyyarədə personal və təyyarəyə texniki qulluq avadanlığı olub: “Təyyarədə heç bir sursat yox idi”.

Təyyarənin havaya qalxdıqdan sonra Tbilisi Hava Hərəkəti İdarəsi ilə sonuncu dəfə saat 13:50-də radio əlaqə qurduğu nəzərə çatdırılıb. “Bu müddətdən sonra təyyarə ilə radio və radar əlaqəsi kəsilib. Tiflis Hava Hərəkətinə Nəzarət İdarəsinin növbəti zəngləri cavabsız qalıb. Saat 14:34-də bizə TUAF 543 zəng kodlu təyyarəmizin hələ məlum olmayan səbəbdən Tbilisinin cənubunda Azərbaycan-Gürcüstan sərhəddində qəzaya uğraması barədə məlumat aldıq”.

Qeyd edilib ki, təyyarənin “qara qutusu” adlandırılan FDR (Uçuş məlumatları qeydçisi) və CVDR (kokpit səs məlumatları qeydçisi) cihazları müayinə üçün ölkəyə gətirilib və Ankarada müayinədən keçirilib.

“Hadisənin səbəbi qəza istintaq qrupunun ətraflı araşdırmasından sonra müəyyən ediləcək. Tez nəticə əldə etmək üçün səylə çalışırıq. Biz Gürcüstan və Azərbaycan hakimiyyətinə operativ reaksiya göstərdiklərinə və dağıntıların axtarışı və xilasetmə işlərində bütün resurslarını səfərbər etdiklərinə görə təşəkkür edirik”, – deyə vurğulanıb.

Xatirə SADİQ