Şanlıurfa və Kahramanmaraşda məktəblərə hücumlarla bağlı aparılan əməliyyatlar çərçivəsində 411 nəfər saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
“Araşdırmalar zamanı qəsdən dezinformasiya yayan, ictimaiyyət arasında nifrət və düşmənçilik hisslərini oyandırmağa yönəlmiş paylaşımlar edən sosial media hesabları müəyyən edilib. Təhlükəsizlik Baş İdarəsi sosial mediada təhdid və çağırışlar edən ümumilikdə 411 şübhəli şəxsi saxlayıb, 1 866 sosial media ünvanına giriş bloklanıb. Təhqiramiz və təxribat xarakterli məzmunlu 307 hesab inzibatçısı da müəyyən edilib. Hadisələrlə bağlı məlumat paylaşan “C31K” qrupuna məxsus 111 “Telegram” kanalı da bağlanılıb”, – deyə xəbərdə bildirilib.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə baş verən insident zamanı 16 nəfər xəsarət alıb. Aprelin 15-də isə Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.










