Üç od arasında qalan Paşinyan kimi SEÇƏCƏK…backend

Üç od arasında qalan Paşinyan kimi SEÇƏCƏK…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan sözün əsl mənasında üç od arasında qalıb. Bir tərəfdə ABŞ, digər tərəfdə Avropa ölkələri və Rusiyanın Ermənistana diqtə etməsi Paşinyanı çıxılmaz vəziyyətə salıb.

O, gah Qərbin tezislərini təkrarlayıb Rusiyanı pisləyir, daha sonra Moskvanın irəli sürdüyü təkliflərə boyun əyərək, Kremllə eyni mövqedən çıxış edir. Belə qeyri-müəyyən vəziyyət Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını əngəlləməklə yanaşı, İrəvanın özünü də böyük bir təhlükə ilə üz-üzə qoyur.

Paşinyanın yekunda hansı istiqaməti tutacağı sual doğurur.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı modern-ə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, hazırkı durum Ermənistan hakimiyyətinin dalana dirəndiyini göstərir: “Ermənistan Amerika, Rusiya və Avropa İttifaqı arasında qalıb. Hətta burada İran faktoru da var. Məhz buna görə də, Paşinyan manevr edə bilmir, çoxlu səhvlər buraxır. Onun buraxdığı ən böyük səhv Azərbaycanla razılaşdırılmış məsələlərdən tez-tez yayınmasıdır. Paşinyanın gərginlik yaradan nöqsanları Soçi görüşündən sonra özünü daha çox göstərməyə başlayıb. O, həm Qarabağın dağlıq hissəsindəki separatçılarla bağlı, həm də elə Soçi prosesi barədə məsələlərə özündən uydurma əlavələr etməyə çalışır”.

Politoloqun sözlərinə görə, Paşinyan bəzi istəklərini reallaşdırmaq üçün Rusiyaya yaltaqlıq edir: “Nikol Paşinyan Rusiyaya yaltaqlandıqda, Ermənistanın anti-Amerika mövqeyi ortaya çıxır. Beləliklə, həm də Avropa Birliyinin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş görüşlərin nəticələri ciddi sual altında qalır. Bir sözlə, Paşinyan hər şeyi qatıb-qarışdırır desək, yanılmarıq. Bu cür siyasət onun qeyri-ciddi olduğunu təsdiqləyir. Onun dedikləri ilə əməlləri üst-üstə düşmür. Məsələn, ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasından dəm vururdu. Ancaq praktika göstərdi ki, əksinə o, prosesi ləngitmək üçün əlindən gələni edir”.

Q.Hüseynlinin fikrincə, bütün bunlara baxmayaraq, Qərb Paşinyanı yerində oturdacaq: “Avropa İttifaqı Paşinyanın dırnaqarası mürəkkəb gedişlərinə maneə olacaq. Sonda o, düzgün istiqamətə yönəldiləcək. Yəni Paşinyan sülhyaratma prosesinə uyğun addımlar atmağa məcbur olacaq. Əks halda hərbi qarşıdurma baş verə bilər”.

Politoloq onu da vurğulayıb ki, Brüssel danışıqları, Moskva və Soçi görüşlərini üstələyir: “Avropa üzərinə götürdüyü öhdəliyi yerinə gətirməyə çalışır. Amerikanın köməyi ilə buna nail ola bilir. Moskva isə son hərəkətləri ilə rəsmi Bakıya zidd gedir və bu addım bizim üçün qəbuledilməzdir”.