Ukraynanın “Fire Point” şirkəti yeni FP-9 ballistik raketinin maketini təqdim edib.
NOCOMMENT.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc olunub.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu raket nəzəri olaraq Moskva şəhərinə qədər məsafəni qət etmək imkanına malikdir.
Qeyd olunur ki, raket ən müasir avadanlıqlarla təchiz olunub və istənilən ərazini məhv etməyə qadirdir.
Bildirilib ki, FP-9 raketi təxminən 800 kiloqramlıq döyüş başlığını 850 kilometr məsafəyə daşıya bilir. Layihə çərçivəsində əsas məqsəd uzaqmənzilli zərbə imkanlarının genişləndirilməsi və yüksək dəqiqlikli silah sistemlərinin inkişafıdır.
Şirkət həmçinin qeyd edib ki, raketin sınaq mərhələsinə yaxın vaxtlarda başlanılması planlaşdırılır. Bununla belə, təqdim olunan modelin hələ ilkin mərhələdə olduğu və real döyüş istifadəsi üçün əlavə testlər və texniki təkmilləşdirmələr tələb olunduğu vurğulanır.










