Kremlin təbliğatçılarının “Midas” əməliyyatından sonra ukraynalıları Maydana çağırması, Poroşenko, Timoşenko kimi ukraynalı siyasətçilərin tərəfdarlarının Zelenskiyə qarşı fəallaşması Ukrayna əhalisində böyük hiddət doğurub.
NOCOMMENT.az xəbər verir ki, artıq sosial şəbəkələrdə Ukrayna prezidenti Volodimir Zelenskini dəstəkləyən “Bu, mənim prezidentimdir” və digər adlar altında müxtəlif qruplar yaranıb.
İzləyicilər hesab edirlər ki, müharibənin ilk dəqiqələrindən ən ağır vəziyyətdə olmasına baxmayaraq, ölkəni tərk etməyən və xalqı “Mən buradayam, sizinləyəm” deməklə Kiyevdən ruhlandıran prezident Zelenskinin taleyi artıq Ukraynanın taleyinə çevrilib.
Çünki Putinin dordüncü ilə yaxın apardığı dəhşətli müharibəyə, Trampın bütün təzyiqlərinə və cəhdlərinə baxmayaraq Zelenski Ukrayna torpaqlarının ruslara təslim edilməsinə razılaşmır, vətəninin ərazi bütövlüyünün təmin olunması naminə var gücü ilə çalışır. Ona görə də ictimaiyyət arasında korrupsiya qalmaqalından Zelenskiyə qarşı istifadə edilməsi ssenarisinin arxasında Putinlə Trampın dayandığı kimi ehtimallar dolaşır. Çünki ABŞ Federal Təhqiqatlar Bürosunun agenti korrupsiya qalmaqalı ilə bağlı əməliyyat keçirən NABU-nun Kiyev ofisində təmsil olunur və həmin şəxs hər 6 aydan bir rotasiya əsasında dəyişdirilir.
“Deyəsən, Zelenskinin bütün düşmənləri birləşib və Ukraynanın taleyini həll etməyə çalışırlar. İndi isə Zelenskinin taleyi Ukraynanın taleyidir. Biz Zelenskini və Ukraynanın Silahlı Qüvvələrini dəstəkləməliyik”, – deyə izləyicilərdən biri yazıb.
Digər izləyici keçmiş prezident Petro Poroşenkonun dövründə baş verən qanunsuzluqları və korrupsiya hallarını xatırladaraq onun kimi siyasətçilərə zamanı gəldiyində xalqın və məhkəmənin qərar verəcəyini vurğulayıb.
“Və indi, miqyası, itkiləri və maliyyə xərcləri baxımından dəhşətli 3,5 illik müharibədən sonra və Ukrayna siyasətçiləri və məmurlarının həmişə böyük mənəvi risklərlə üzləşməsinə baxmayaraq, Ukraynanın beynəlxalq ehtiyatları 2025-ci il noyabrın 1-nə kimi rekord həddə – 49 516,3 milyard dollara yüksəlib, bu da Ukraynanın bütün müstəqillik tarixinin ən yüksək göstəricisidir. 2025-ci ilin sonuna proqnoz 57,6 milyard dollardır. Beynəlxalq ehtiyatlar bir çox cəhətdən ölkənin maliyyə sabitliyinin və kredit qabiliyyətinin nüfuz göstəricisidir”, – digər izləyici qeyd edib.
Onun sözlərinə görə, müharibə dövründə Ukrayna Silahlı Qüvvələri Avropanın ən güclü və texnoloji cəhətdən inkişaf etmiş ordularından birinə çevrilib: “Bu, təkcə Zelenskinin şücaəti deyil. Prezident kimi, xüsusən də müharibə dövründə üzləşdiyi bütün çətinliklərə baxmayaraq, bu, onun işidir. Tarixdə heç kim buna nail olmayıb.
Sizə güc və müdriklik, hörmətli Ukrayna Prezidenti! Zelenskiyə eşq olsun!”.
Poroşenkoya yaxın media vasitələri isə xəbər yayıblar ki, guya prezidentin ətrafındakı əsas adamlar böhranın həlli ilə bağlı ona müxtəlif tövsiyələr veriblər və demək olar ki, hamısı əvvəlcədən razılaşmadan Prezident Aparatının rəhbəri Andrey Yermakı əvəz etməyi məsləhət görüblər.
Bir neçə gün öncə Yermak xarici mediaya verdiyi müsahibəsində Zelenskinin prinsipial şəxsiyyət olduğunu, korrupsioner olmadığını bildirib.
Xatirə SADİQ













