Ukraynaya qarşı qadağan olunmuş raketdən istifadə olunur – “Reuters”backend

Ukraynaya qarşı qadağan olunmuş raketdən istifadə olunur – “Reuters”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya silahlı qüvvələri 9M729 qanadlı raketindən istifadə edərək Ukraynaya hücum edib.

NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

“Rusiyanın son aylarda Ukraynaya qarşı qadağan olunmuş INF 9M729-dan istifadə etməsi Putinin Birləşmiş Ştatlara və prezident Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün diplomatik səylərinə hörmətsizliyini nümayiş etdirir”, – Ukrayna xarici işlər naziri Andriy Sibiqa “Reuters”ə açıqlamasında deyib.

Ukrayna Xarici İşlər Nazirliyi 9M729 raket hücumlarının təfərrüatları və tarixlərini açıqlamayıb. Amma yüksək rütbəli məmur agentliyə deyib ki, həmin raket hücumları avqustun 21-də – Trampla Putinin Alyaska görüşündən bir həftə keçməmiş başlayıb.

Hərbi mənbə Rusiyanın oktyabrın 5-də hücumu zamanı atılan 9M729 raketinin 1200 km-dən çox uçduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi agentliyin yazılı sorğusuna cavab verməyib.

Ağ Ev Rusiyanın 9M729-dan istifadə etməsi ilə bağlı konkret suallara cavab verməyib.

“Reuters” xatırladıb ki, 9M729 raketinin məxfi istehsalı 2019-cu ildə ABŞ prezidenti Donald Trampı Moskva ilə nüvə silahlarına nəzarət sazişindən imtina etməyə vadar edib.

Bir neçə gün əvvəl Tramp “digər ölkələrin sınaq proqramlarına” istinad edərək, ABŞ ordusuna nüvə silahı sınaqlarını bərpa etməyi əmr edib.

Xatirə SADİQ