“TƏBİB-də baş verən son kadr dəyişiklikləri – Vüqar Qurbanovun gedişi və Anar Bayramovun rəhbər təyin olunması – Azərbaycan idarəçilik sistemindəki bir acı həqiqəti yenidən gündəmə gətirdi. İllərdir mediada və sosial şəbəkələrdə qurumun fəaliyyəti, sistemdəki boşluqlar və qanunsuzluqlar barədə həyəcan təbili çalınsa da, heç bir tədbir görülmürdü. Lakin rəhbər dəyişən kimi, sanki bir günün içində bütün kadrların yararsız olduğu “məlum olur”.

Bu barədə NOCOMMENT.az-a açıqlamasında siyasi şərhçi, Ağ Partiya sözçüsü Cavanşir Abbaslı deyib. O qeyd edib ki, biz hazırda çox təəssüf doğuran bir mənzərənin şahidiyik: “Zamanında Vüqar Qurbanov tərəfindən təyin edilən kadrların sürətli şəkildə işdən uzaqlaşdırılması onu göstərir ki, yeni rəhbər öz komandasını formalaşdırmaq üçün köhnələri uzaqlaşdırır. Amma burada bir acı reallıq ortaya çıxır: Bu insanlar dünənə qədər vəzifələrini layiqincə yerinə yetirirdilərsə, niyə bir gündə yararsız oldular? Yox, əgər bu illər ərzində qanunsuzluqlara yol verirdilərsə, rəsmi sorğulara cavab verməyib medianı saymırdılarsa, niyə o vaxt tədbir görülmürdü?”
Cavanşir Abbaslının sözlərinə görə, Vüqar Qurbanovun kadrlarının kütləvi şəkildə uzaqlaşdırılması köhnə ssenariləri xatırladır: “Sanki Eldar Mahmudov hadisəsini yenidən yaşayırıq. 2015-ci ildə onun ətrafındakı bir çox şəxs həbs olundu, amma sanki bütün cinayət əməllərindən rəhbərin xəbəri yox idi. Eyni halı Hacıbalı Abutalıbovun dövründə Bakı Şəhər İcra Hakimiyyətində də gördük – aparat rəhbəri həbs edildi, bütün qanunsuzluqlar onun üzərinə yükləndi, rəhbər isə kənarda qaldı. İllərlə davam edən sistemli özbaşınalıqlardan rəhbərin xəbərsiz olması mümkün deyil. El arasında deyildiyi kimi, bu, bişmiş toyuğun belə güləcəyi bir bəhanədir.”
Ekspert hesab edir ki, TƏBİB-dəki bu “kadr süpürgəsi” sadəcə gözdən pərdə asmaq cəhdi ola bilər: “Böyük ehtimalla bəzi şəxslər barəsində cinayət işləri qaldırılacaq, bəlkə də kimlərisə həbs edəcəklər ki, ‘biz xəbərsiz olmuşuq’ görüntüsü yaransın. Amma maraqlıdır ki, Vüqar Qurbanovun kadrları uzaqlaşdırılsa da, onun özü ilə bağlı saytlarda tirajlanan minlərlə ittiham dolu məlumatın üzərindən sükutla keçildi. Bu, məsuliyyətdən sığortalanma mexanizminin bir parçasıdır.”
TƏBİB-ə yeni nəfəsin gələcəyinə şübhə ilə yanaşan C.Abbaslı əlavə edib: “Bu proses davam edəcək, kadrlar bir-birini əvəzləyəcək, amma sistemin dəyişəcəyinə inanmıram. Çünki bu sistemi dəyişmək gücündə olan tək bir şəxs yoxdur. TƏBİB və Səhiyyə Nazirliyi arasında formal fərq olsa da, əslində ortaq maraqlar mövcuddur. TƏBİB-də nəyisə köklü dəyişmək nazirlik səviyyəsində islahat deməkdir ki, bu da indiki reallıqda mümkün görünmür. Sadəcə fiqurlar dəyişir, köhnə rəhbərin kadrları ‘günah keçisi’ edilir, lakin vətəndaşın xəstəxana dəhlizlərindəki çiləsi hələ də davam edir.”
Tunar,
NOCOMMENT.az










