İranın ali rəhbəri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Şamxani ABŞ prezidenti Donald Trampın hədələrinə sərt reaksiya verib.
NOCOMMENT.az xəbər verir ki, Şamxani “X” sosial şəbəkəsində yazıb ki, İran xalqı ABŞ-nın “xilasetmə” təcrübəsini yaxşı tanıyır – İraqdan və Əfqanıstandan Qəzzayadək.
“Uydurma bəhanələrlə İranın təhlükəsizliyinə əl uzadan istənilən müdaxiləçi əl hələ çatmamış kəsiləcək və sarsıdıcı cavabla qarşılaşacaq. İranın milli təhlükəsizliyi qırmızı xətdir və avantürist tvitlərin mövzusu deyil”.
Eyni zamanda İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ-nin İranın daxili işlərinə müdaxiləsi bütün Yaxın Şərqi sabitlikdən çıxara və Amerikanın maraqlarına zərbə vura bilər.
Laricani qeyd edib ki, etiraz edən sahibkarların dağıdıcı qüvvələrlə əlaqəsi yoxdur və Tramp başa düşməlidir ki, ABŞ-nin bu daxili məsələyə müdaxiləsi bütövlükdə regionun destabilizasiyası və Amerika maraqlarının məhv edilməsi deməkdir.










