Xaricdən gətirilən buğda ucuzlaşıb, çörək niyə ucuzlaşmır?backend

Xaricdən gətirilən buğda ucuzlaşıb, çörək niyə ucuzlaşmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 11 ayı ərzində xarici ölkələrdən Azərbaycana 398 milyon dollar dəyərində 1 milyon 167,9 min ton buğda idxal olunub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 38,4%, miqdar ifadəsində isə 14,7% artıb.

Bu, həm də o deməkdir ki, ölkəyə idxal olunan buğdanın gömrük dəyəri yüksəlib. Əgər ötən ilin ilk 11 ayında idxal olunan buğdanın 1 tonunun gömrük dəyəri 282,6 dollar (480 manat) olubsa, bu ilin ilk 11 ayında bu göstərici 340,8 dollar (580 manat) olub.

Lakin onu da qeyd edək ki, bu ilin əvvəli ilə müqayisədə idxal olunan buğdanın dəyərində ucuzlaşma müşahidə olur. Bu ilin yanvar ayında xaricdən Azərbaycana gətirilən buğdanın 1 tonunun gömrük dəyəri 346,6 dollar (590 manat) olubsa, bu ilin noyabr ayında buğdanın dəyəri 321,3 dollara (546 manat) düşüb.

İlin əvvəli ilə müqayisədə idxal olunan buğdanın dəyərində 7,5% ucuzlaşma qeydə alınsa da, bu ucuzlaşma pərakəndə satış qiymətlərinə təsir etməyib.

Xatıraldaq ki, Azərbaycan buğdaya olan ehtiyacını daxili istehsal hesabına təmin edə bilmir. Azərbaycanda ərzaq məhsullarının istehsalı üçün hər il təxminən 2,5 milyon ton buğdaya ehtiyac olur. Bundan başqa toxum, mal-qara və quş yeni üçün də il ərzində 500-600 min ton buğdadan istifadə edilir. Azərbaycanda yerli istehsal isə təxminən 2 milyon tona yaxındır.

Onu da bildirək ki, buğdanın qiyməti son aylar dünya bazarlarında da sürətlə ucuzlaşmaqdadır. Bu ilin may ayında 1 ton buğdanın qiyməti 460 dollara yüksəldiyi halda hazırda 315 dollara satılır.