Xırdalan dəmiryolu stansiyasının qarşısında müasir Nəqliyyat Mübadilə Mərkəzi (NMM) inşa ediləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) NOCOMMENT.az-a bildirilib.
Qeyd olunub ki, bu layihə dəmiryolu stansiyasına gediş-gəlişin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq, eyni zamanda ictimai nəqliyyatın əhatə dairəsini genişləndirəcək.
Həmçinin yeniliklər Hökməli, Sulutəpə, Xocasən, Müşfiqabad və 28 May qəsəbələrinin sakinləri, habelə ətraf ərazilərdə yerləşən universitetlər üçün rahat və effektiv əlaqə variantları yaradacaq.
Bundan əlavə, nəqliyyat hərəkətlərinin daha yaxşı tənzimlənməsi məqsədilə Xırdalan şəhəri – M1 – Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi, Xırdalan dairəsində yolayrıcının təkmilləşdirilməsi və M1 (Bakı-Sumqayıt) yolundan M4 (Şamaxı istiqaməti) yoluna tunel vasitəsilə çıxışın təşkili həyata keçiriləcək.
Qeyd edək ki, layihələrin 2027–2030-cu illər ərzində tam yekunlaşması gözlənilir.













